ABŞ-ın Ağ Evi tərk edən və yerini Donald Trampa verən 46-cı prezidenti Co Bayden sonuncu qərarı ilə dünyaya şoka saldı. Bu, həm də özünü “demokrat” adlandıran Baydenin demokratiyaya sonuncu zərbəsi idi.
Bayden Ağ Evi tərk etməsinə dəqiqələr qalmış ailə üzvlərinin “əfvi” ilə bağlı qərar verdi. Bu, onun ABŞ prezidenti kimi sonuncu qərarı idi və bu imkanını Amerika xalqına yox, məhz ailəsinə sərf etməsi onun əsl simasını da ortaya çıxarır.
Baydenin qardaşı Ceyms Baydeni və həyat yoldaşı Saranı, bacısı Valeri Baydeni və əri Con T.Ouensi və digər qardaşı Frensis Baydeni əfv edib. İddia edib ki, bu qərarı “ailəsini Trampdan qorumaq” məqsədi daşıyır, halbuki, ABŞ-da “Bayden ailəsi” ilə bağlı aparılan araşdırmalar onların qaranlıq biznesə malik olduğunu, prezidentin qohumluğundan sui-istifadə edərək, qanunları pozduğunu ortaya çıxarır. Respublikaçılar tərəfindən aparılmış “Bayden ailəsinin araşdırması” ilə bağlı materiallar da bunu sübut edir.
Məlumatlara görə, Baydenin qardaşları və bacısı, eləcə də onların həyat yoldaşları Çindən tutmuş, avropanın müxtəlif ölkələrinə qədər bir çox bölgədə qeyri-legitim əlaqələrə malikdir. Onlar Baydenin prezidentliyindən istifadə edərək, qeyri-qanuni biznes qurublar və qanunları pozublar.
Bayden isə faktiki olaraq, onları əfv etməklə ABŞ prezidenti kimi vəzifə səlahiyyətlərini sui-istifadə etdi. Hərçənd ki, bu onun ilk belə addımı deyil. Bundan öncə Bayden oğlu Hanteri də həbsdən azad etmişdi. Hanter vergi qaçaqmalçılığında və xaricdə qeyri-qanuni biznesdə ittiham olunurdu, hətta silah qaçaqmalçılığı ilə məşğul olduğu haqda məlumatlar vardı. Bu ittihamlar onu onilliklər boyunca həbsə məhkum etməyə imkan verirdi. Məhkəmə Hanterlə bağlı ittihamları təsdiqləmişdi. Lakin Bayden vəzifə səlahiyyətlərindən istifadə edərək, oğlunu əfv etdi. Bununla da lazım olanda demokratiya və qanunun aliliyi prinsiplərini heçə saydığını nümayiş etdirdi.
Ağ evi tərk etməmişdən dəqiqələr öncə ailə üzvlərini əfv etməsi də demokratların lideri olan Baydenin əslində anti-demokrat olduğunu bir daha təsdiqlədi. Bu, ABŞ-ın Baydensayağı demokratiyasının sonuncu nümunəsi hesab oluna bilər.
Son 4 ildə bütün dünya Baydensayağı demokratiyanın dəfələrlə şahidi olub. Bayden Administrasiyasının demokratik prinsipləri ABŞ-ın maraqlarına qurban verdiyi, əslində demokratiyadan alət kimi istifadə etdiyi bəlli idi. Görünür ki, dünyada bu cür hərəkət edən Bayden ABŞ daxilində demokratiyanı özünün və ailəsinin maraqlarına da qurban verir./demokrataz