“Belə davam edə bilməz” – media ekspertləri danışdıbackend

“Belə davam edə bilməz” – media ekspertləri danışdı

“Media varlı olmaya bilər, amma o heç bir halda dilənçi və böhtançıya çevrilməməlidir”

“Media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Eyni zamanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik”.

Bu fikirlərin müəllifi Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdur.  O, yerli mediaya müsahibəsində bildirib ki,  ölkə mediasında reklam bazarı yox səviyyəsindədir. Belə olan halda isə medianın iqtisadi cəhətdən müstəqilliyi sual altına düşür. Əflatun Amaşovun səsləndirdiyi fikirlər həqiqəti əks etdirsə də, mediaya subsidiya və güzəştli kreditlərin verilməsi məsələsi  birmənalı qarşılanmayıb. Çünki  bu məsələ subsidiyaların və güzəştli kreditlərin necə və kim tərəfindən veriləcəyi məsələsini  gündəmə gətirib.

Mövzunu KONKRET.az-a şərh edən tanınmış jurnalist və teletənqidçi, pedaqoq Qulu Məhərrəmli bildirib ki, əslində Mətbuat Şurası sədrinin fikirləri normaldır: “Azərbaycanda media iqtisadi cəhətdən müstəqil olmalıdır və bu təmin edilməlidir. Heç kəsdən asılı olmayan müstəqil media cəmiyyəti doğru-dürüst ifadə edə bilər. Yalnız müstəqil media cəmiyyətdə gedən prosesləri bir ayna kimi göstərib, nöqsanları tənqid etmək gücündədir. Sözün həqiqi mənasında müstəqil media ictimai nəzarətçi funksiyasını yerinə yetirmək iqtidarındadır”.

Qulu Məhərrəmli: “Media nüfuzlu və mötəbər olmalıdır”

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən maliyyələşən həmin qurumlar bu funksiyaları yerinə yetirə bilirmi? Suala özü cavab verən Qulu Məhərrəmli bildirib ki, bu funksiyalar yerinə yetirilmir: “Səbəb odur ki, bir mənbədən ayrılan maliyyə vəsaiti nəticəsində, media vasitələri  mətbuatı maliyyələşdirən qurumdan asılı vəziyyətə çevrilir. Bu səbəbdən də, Azərbaycanda  medianın maliyyələşdirilməsi konseptual olaraq doğru siyasətdir.  Çünki mediaya kömək lazımdır. Lakin maliyyələşdirmə o demək deyil ki, hər ay müəyyən vəsait ayrılsın və sistem bu formada davam etsin. Bu hal, maliyyələşən media qurumlarının sonradan yenidən “əl açıb”  hökumətdən pul istəmələri ilə nəticələnəcək. Bu uzun müddət  belə davam edə bilməz”.

Qulu Məhərrəmlinin sözlərinə görə, medianın müstəqilliyi üçün reklam bazarı mövcud olmalıdır: ”Reklam bazrının olması üçün isə sərbəst bazarın mövcudluğu əsas şərtdir. Sərbəst bazarın  mövcudluğunu isə, demokratiyanın lazım olan şərtləri təmin edir. Bütün bu məsələlərin  hamısı bir-biri ilə sıx bağlıdır. Ona görə də, biz elə bir sistem yaratmalıyıq ki, media müstəqil şəkildə maliyyələşsin, heç kimdən asılı olmasın və yalnız cəmiyyətə xidmət etsin”.

Qulu Məhərrəmli qeyd edib ki, biz yenə də subsidiya və kredit fonunda əlimizi açıb hökumətdən yardım istəyirik: “Mən hökumətdən yardım alıramsa necə media ola bilərəm?. Mən varlı olmaq haqda yox, cəmiyyətin nüfuzunu qazanan mötəbər mediaya çevrilmək barədə fikirləşməliyəm. Media varlı olmaya bilər. Amma o heç bir halda dilənçi və böhtançı olmamalıdır. Heç bir halda məmur və oliqarxın, vəzifə adamının , siyasi partiyanın əlində dəyənək , şantaj və böhtan vasitəsinə çevrilməməlidir. Yalnız və yalnız cəmiyyətə xidmət etməlidir”.

Ekspertin sözlərinə görə, ƏDV-nin ləğv edilməsi yaxşı təklifdir. Amma subsidiyaların ayrılması məsələsində diqqətli olmaq lazımdır: “Yəni bu subsidiyalar necə veriləcək və hansı media qurumlarını əhatə edəcək?. Yenidən mənasız qəzetlərə dövlət büdcəsindən ildə 120-150 min manat pul ayırmalıyıqmı?! Bunun üzərində ciddi düşünülməlidir. Məsələnin qoyuluşu mahiyyətcə doğrudur. Yəni media iqtisadi cəhətdən müstəqil olmalıdır. Amma bunu dövlətin üzərinə atmaq və hökumətin maliyyələşdirməsini istəmək doğru deyil. Bu, o deməkdir ki, həmin media qurumları yumşaq desək yaşamaq istəyirlər, lakin cəmiyyətin inkişafına yardım göstərmək haqda düşünmürlər. Cəmiyyətə isə ələbaxan, üzüyola media lazım deyil. Belə media orqanları çox məhdud qurumlara xidmət edirlər və biz son günlər nəticəni daha aydın formada görürük.  Ola bilər ki, bu media orqanları çox məhdud qurumlara xidmət edə bilər. Yəni bu cür media nə cəmiyyətə, nə də dövlətin inkişafına heç bir fayda vermir”.

Teletənqidçi qeyd edib ki, dövlətin bu sahədə strategiyası aydın olmalıdır: “KİVDF–ni formalaşdıranda bu qurumun konsepsiyası mövcud idi. Heç bir halda bu cür maliyyələşməni sistemə çevirmək nəzərdə tutulmurdu. Çox geniş, strateji məsələləri nəzərdə tutan bir xətt var idi. Ama bu gün bəsit maliyyə qurumlarına pul ayrılır, tənqidi yazan media sıradan çıxarılır, nəticədə isə ortada  qalan KİV-lərlə cəmiyyətin qarşısında əliyalın qalırıq. Bu cür media qurumları heç bir halda mötəbər, cəmiyyətin inamını qazanan mətbu orqanlara çevrilə bilmir. Ona görə də, biz tam müstəqil, cəmiyyətin maraqlarını ifadə edən, tərəqiyyə təkan verən, dövlət intizamını qoruyub saxlayan , sosial harmoniya yaradan mediaya sahib olmalıyıq. Biz bu haqda düşünməliyik”.

Arif Əliyev: “Subsidiyaların verilməsi KİVDF-nun maliyyəsi ilə həyata keçirəcəklərsə, o zaman heç bir  səmərə verməyəcək”

Tanınmış jurnalist və media eksperti Arif Əliyev də mövzu haqda fikirlərini KONKRET.az-la bölüşüb. O bildirib ki, hər bir peşə sahibi varlı olmalıdır: “Ümumiyyətlə isə media gəlirli sahələrdən hesab olunur. Amma indiki halda Əflatun Amaşov nəyi nəzərdə tutduğunu özü şərh etməlidir. Subsidiya və güzəştli kreditlərin verilməsinə gəlincə isə bu məsələlər  KİVDF-nin proqramının tərkib hissələridir. Əlbəttə ki, subsidiyaların verilməsi lazımlıdır və bir çox ölkələrdə tətbiq olunur.  Düzgün istifadə edildikdə bunun heç bir təhlükəsi yoxdur. Amma subsidiyaların verilməsi KİVDF-nin maliyyəsi ilə həyata keçirəcəklərsə, o zaman heç bir  səmərə verməyəcək. Əsas odur ki, bu məsələlərin doğru-düzgün kriteriyaları hesablansın. Amma bu məsələlər 10 ilə yaxındır KİVDF-nin proqramının tərkib hissələridir.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*