“Belə getsə, Ermənistanda bir erməni də qalmayacaq” – Kilsə həyəcan təbili çaldıbackend

“Belə getsə, Ermənistanda bir erməni də qalmayacaq" – Kilsə həyəcan təbili çaldı

Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin son görüşündən sonra Yeraşx-Culfa-Meğri-Horadiz dəmir yolu əlaqəsinin bərpası istiqamətində qarşılıqlı razılığın əldə olunduğu açıqlanıb. Bu məlumatların fonunda Ermənistanın bəzi siyasətçiləri həyəcan təbili çalıblar ki, Ermənistan hakimiyyəti bununla “Zəngəzur dəhlizi”ni işə salıb.

KONKRET.az xəbər verir ki, “Erməni seçimi” təşəbbüsünün koordinatoru Armen Aqayan da belə siyasətçilərdəndir.

O, verdiyi müsahibəsində vurğulayıb ki, “Sərbəst və nəzarətsiz, daha doğrusu türklərin nəzarətində olan Bakı ilə Naxçıvan arasında dəmir yolu və avtomobil əlaqəsinin bərpası Ermənistanın təslim olmasının ən mühüm məqamlarından biridir. Və hələ heç bir ölkə kapitulyasiyadan heç nə qazanmayıb. Nikol Paşinyanın yalvardığı “sülh” Ermənistanın tez və qəti şəkildə məhv edilməsinə zəmanət verən belə müddəalar olmadan mümkün deyil”.

A.Aqayan qeyd edib ki, “Ermənistanın satqın hakimiyyətinin yeganə problemi öz üzünü hansısa yolla xilas etmək və növbəti vətənə xəyanət ittihamına birtəhər müqavimət göstərməkdir”.

Onun sözlərinə görə, İrəvan regional təhlükəsizlik sisteminin ən mühüm komponenti olan Araz çayının sahillərini və ondan keçən kommunikasiya yollarını tamamilə türklərə təslim edir. Ermənistan da bu dəmir yolundan istifadə etməyəcək, yaxud Azərbaycanın nəzarəti altında istifadə edəcək: “Qərb siyasətçiləri bu anlaşmalara etiraz etmir. Bu, Nikolun məsuliyyətin bir hissəsini beynəlxalq ictimaiyyətin üzərinə atmaq üçün etdiyi manipulyasiyalardan biridir. Əgər siz hər şeyi könüllü və məmnuniyyətlə verirsinizsə, onda Qərb və ya hər hansı digər vasitəçi ölkə niyə etiraz etməlidir və ya konkret olaraq necə etiraz edəcəklər?”

Yeri gəlmişkən, üç ölkə liderinin Moskvada keçirilən sonuncu görüşündən sonra erməni tərəfi bəyan etdi ki, 1975-ci ilin xəritələrinə uyğun olaraq demarkasiya və delimitasiyanın həyata keçirilməsi ilə bağlı ümumi anlaşma var. Bundan əvvəl Nikol Paşinyan Praqadakı görüşdən sonra Azərbaycanın 86,6 min kvadrat kilometr ərazi bütövlüyünü tanıdığını bəyan edib. Erməni tərəfi də qondarma anklavlarla bağlı birbaşa müzakirələrə başlayıb, onların təslim olmasının zəruriliyini əsaslandıran Nikol Paşinyan məsələni primitivləşdirərək bildirib ki, bu yoldur, dəhliz deyil. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, 1975-ci ilin xəritələri ilə işin davam etdirilməsi ilə bağlı razılıq yoxdur, Ermənistan tərəfi isə ilin sonuna kimi sülh sazişinin əldə olunacağına ümid etdiyini bildirib. Digər görüş iyulun 12-nə təyin edilib.

Müşahidə edilən bu prosesləri A.Aqayan belə izah edib ki, bu, əslində yeni proses deyil: “Hər şey müharibədən sonrakı kapitulyasiya məntiqi ilə baş verir. İctimaiyyət 2020-ci ilin sonunda məğlubiyyətin bütün nəticələrini qəbul edə bilmədi. Buna görə də bütün bu müddət ərzində onlar bizə kiçik dozalarda təqdim olunur. Bundan sonra nə baş verəcəyini tamamilə proqnozlaşdırmaq olar. Hər şeydən əvvəl, bu, yeni dəhşətli itkilərə, o cümlədən mühasirəyə alınmış erməni hərbi qrupunun məhv edilməsinə, “separatçı” və “işbirlikçi” məmurların kütləvi məhkəmələrinə və ən nəhayət Qarabağın ermənisizləşdirilməsinə gətirib çıxaracaq.

Lakin Qarabağın itirilməsi ilə heç nə bitməyəcək. Ermənistanın qalan hissəsi vətən və erməni dövlətçiliyi mənasını itirəcək. Və bir növ dövlətçilik kimi, o, nə İrəvan sakinləri nə də Qarabağ, hətta diaspor erməniləri üçün heç bir şəkildə cəlbedici ola bilməz. Azərbaycan bütün mümkün istiqamətlərdə təzyiqlərini davam etdirəcək – anklavlar, dəhliz, sərhəd yüksəklikləri, keçmiş azərbaycanlıların məskunlaşdığı ərazilərdə köçürülmə və təhlükəsizlik təminatları, hərbi ziyana görə kompensasiya və yerin təkindən istifadəyə görə böyük tələblərlə məhkəmə iddiaları.

Ehtiyac yaranarsa, bu məsələlərə görə “sülh” danışıqları təxirə salınacaq və ya kəsiləcək. Nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin qurulması ilə türk dövlətləri tərəfindən iqtisadi genişlənmə başlayacaq. Nəticədə bizdə yeni ciddi mühacirət dalğası olacaq. Hətta beynəlxalq ictimaiyyətin təhlükəsizlik zəmanəti belə ermənilərin Ermənistanda yaşamaq istəyinə kömək etməyəcək. Ermənistanın qalan ərazisində yaşayan ermənilər digər xalqlar – farslar, o cümlədən türkdillilər tərəfindən tədricən qovulacaqlar.

Əgər erməni xalqında vətənpərvərlik hissləri oyanmasa, müqavimət göstərmək üçün böyük iradə nümayiş etdirilməyəcək.

Natiq Səlim,

KONKRET.az

P.S. Qeyd edək ki, bu gün Paşinyana müxalifətdə olanlar erməni diasporunun pulları hesabına maliyyələşir və erməni kilsəsinin ideologiyasının daşıyıcısıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*