“Sülh istəyirsən?” sualını vermək manipulyativdir.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq və analitik Beniamin Matevosyan “Sputnik Ermənistan”ın “Abovyan vaxtı” proqramında deyib.
Ermənistanın bu cür vəziyyətə necə düşdüyünü təhlil edən Matevosyan belə qənaətə gəlib ki, Qarabağı itirmək lazım deyildi, guya bu ərazi onlar üçün əsl sipər olub.
“Həmçinin Rusiya ilə münaqişəyə girməyə, müttəfiqlərlə münasibətləri gərginləşdirməyə, ordunu demilitarizasiya etməyə və Türkiyəni təhlükəsizlik qarantı kimi “təyin etməyə” ehtiyac yox idi. Bütün bu addımlar ona gətirib çıxaracaq ki, biz Suriyanın taleyini belə yaşamayacağıq, dövlət bir neçə hissəyə bölünəcək, bir hissəsində suriyalılar məskunlaşacaq.
Nəticədə biz Qarabağın taleyini təkrar edəcəyik. Əzizlərim, “dövlət” (Qarabağdakı qondarma rejimi nəzərdə tutur) var idi, artıq o, dağılıb. Orada ermənilər yoxdur. Hər şey bitib, başa düşürsünüz? Eyni şey Ermənistanla da olacaq.
Bunu “Amerika bizə kömək edəcək”, “Ermənistanda avropalı müşahidəçilər yerləşdiriləndən bəri bizim sərhədimiz Aİ-nin sərhədi olub” deyənlər üçün deyirəm. Əslində azərbaycanlılar avropalı müşahidəçilərin iştirakı ilə Arazdəyəndə (Yerasx) tikilməkdə olan zavodu atəşə tutublar. Deməli, Aİ-yə atəş açdılar? Gəlin bu siyasi absurdluğu müzakirə etməyək”, – deyə politoloq bildirib.
Ekspert deyib ki, eyni yalan hekayələr Laçın dəhlizinin “blokadası” (?) məsələsində də olub:
“Ermənistanın malik olduğu və Ermənistanın yaratdığı ən real şey “Artsax respublikası” (Qarabağdakı qondarma rejimi nəzərdə tutur) idi. Sonuncu erməni əsgəri Qarabağdan çıxanda əsl Ermənistanı dəfn etdik. Bu emosional qiymətləndirmə deyil, reallıqdır. Çünki “Artsax” olsaydı, “Azərbaycanlılar Cermukda”, “Azərbaycanlılar Kirantsda” kimi problemləri həll etməzdik.
Elə amillər var ki, onları nəzərdən qaçırmaq olmaz. Yetər ki, xəritəni açıb Ermənistanın harada yerləşdiyinə, kimin əhatəsində olduğuna, kiminlə hərbi logistika aparmaq, kiminlə iqtisadi əlaqələri inkişaf etdirmək imkanlarımıza baxsın. Və son nəticədə Ermənistanın mövcudluğunun mənası nədir?”.
Günel Mikayılova,
KONKRET.az