Doğrudan da, Fikrət Doluxanov əksər əməkdar jurnalistin edə bilmədiyini bacardı. Çünki Azərbaycan tamaşaçısı Çingiz Mustafayev hərbi jurnalistikası, yaxud Qənirə Paşayevanın israrlı müxbirliyi üçün darıxmışdı. Televiziyaların yeni şablonu darıxdırıcı gəlirdi. İtv müxbirinin atdığı addımlar həm fakta əsaslanan jurnalist, həm də qondarma rejimdən bezmiş xalqın nümayəndəsinin yerişi idi.
KONKRET.az daha əvvəlki sülhməramlı-jurnalist dialoqundakı boşluqları, problemləri artıq açıb-ağardıb.
Bu dəfəki yazı Fikrət barədə portret reportaj deyil. Lakin onun qətiyyəti vurğulanmalıdır. Hətta sonda qarşısını kəsmiş sülhməramlı provokasiya böhtanı ilə jurnalistə qarşı güc tətbiq etməyi düşünürdü. Məqsəd çəkiliş aparılmasının qarşısını almaq olub. Yoxsa Volkov danışıqların lentə alınmasını qadağan etməzdi:
– Yəqin Kremldən Volkova tapşırıq gəlib ki, “danışdıqca batırsan. Azərbaycan mediasından qaç”;
– Ya da həmin ərazidə ictimailəşməsi ajiotaj yaradacaq qanunsuzluqlar mövcuddur;
Bəlkə də buna görə, rus sülhməramlılar azərbaycanlı jurnalistlərlə “bənövşə – bəndə düşə, sizdən bizə kim düşə” oynayırmış kimi davranırdılar. Elə isə onlara cavab verək:
– Bizdən sizə heç nə düşəsi deyil. Nə də Xankəndi sizə qalasıdır;
– Amma sizdən bizə verilməli olan Arayik Arutyunyan kimi cinayətkarlar var;
Hələ də separatçıların tərksilahını gözləyirik. Sülhməramlıların mandatına uyğun fəaliyyətini gözləmək qarşıdan gələn Yeni İl bayramında Şaxta Babadan hədiyyəyə ümid etmək kimidir. Santa Klaus, Noel baba versiyalarını da qeyd edim ki, tənqid etdiyim məmurlar məni “Rusiyanın 5-ci kolonudur”, – deyə şərləməsinlər. Yazıda Kreml tənqid olunsa da, onlar buna qadirdirlər. İndi isə sülhməramlı özbaşınalığı ilə bağlı başqa mühüm ehtimallar:
• Azərbaycan rus sülhməramlıların Qarabağdakı mövcudluğunu 2025-dən o tərəfə saxlamaq istəmir;
• Onların həyata keçirdiyi missiyanın qanunsuzluqları ilə bağlı beynəlxalq hesabatlar üçün faktlar toplanır;
• Deyəsən, Ukraynada uduzduğunu görən Kreml Donetsk və Luqansk qondarmalarını “arsax”la əvəzləmək istəyir;
• Şuşa bəyannaməsi “Dəmir Yumruğu” “Qardaş yumruğu”na çevirdiyindən istənilən təhlükədə təklənməyəcəyik;
Türkiyə ilə birgə son hərbi təlmlərdən sonra İran da gördü ki, Turan Araz çayını daha tez keçə bilir.
Anar Rəhimov,
KONKRET.az