Yaxın Şərqdə cərəyan edən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Həmas-İsrail qarşıdurması Rusiya-Ukrayna müharibəsini də arxa plana atıb. Bundan ən çox narahat olan isə ermənilərdir. Onlar hesab edirlər ki, dünyanın başının böyük münaqişələrə qarışdığı bir vaxtda Ermənistan itirə bilər.
KONKRET.az xəbər verir ki, İranşunas erməni mütəxəssis Emma Beqicanyan Həmas-İsrail münaqişəsinin Ermənistana təsirindən danışıb: “İndi bütün dünyanın diqqəti bu hadisələrə yönəlib. Rusiya-Ukrayna qarşıdurması arxa plana keçib və Türkiyə ilə Azərbaycan öz məqsədlərinə çatmaq üçün bu vəziyyətdən istifadə edə bilər. Ona görə də bu qarşıdurmanın tezliklə sülh yolu ilə başa çatması bizim üçün faydalıdır”.
Qeyd edək ki, ekspertlər İranın müharibəyə cəlb olunma ehtimalını istisna etmir: “İran İsraili quru qoşunları hərəkətə keçəcəyi təqdirdə hücumun cavabsız qalmayacağı ilə hədələyir. Əslində isə İran müharibədən iştirak etməkdən yayınır. Çətin günlərdə İsrail Azərbaycana kömək edib və Ermənistanın məğlubiyyətində İsrailin də rolu var. Azərbaycan İsrailin strateji tərəfdaşıdır və bu da İranın maraqlarına ziddir. Amma Azərbaycan da, Türkiyə də bütün dövlətlər kimi ciddi daxili problemlər olanda insanların diqqətini xarici siyasətə yönəltməyə çalışırlar. Azərbaycan parlaq qələbəylə ictimaiyyəti susdurmağı bacardı. Bir çox iqtisadi problemləri olan Türkiyə də belə etdi. İndi onların növbəti hədəfi türk dünyasını birləşdirməkdir. Bu da həm İranın, həm də Ermənistanın maraqlarına uyğun deyil”.
Vəli Həsənov,
KONKRET.az