Beşbarmaqda qədim karvansaray aşkarlandı – FOTOLARbackend

Beşbarmaqda qədim karvansaray aşkarlandı - FOTOLAR

Beşbarmaqda qədim karvansaray aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin “Mədəni İrsin Qorunması və İnkişafı” şöbəsinin müdiri Elşən Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu kəşf ölkə üçün elmi baxımdan əhəmiyyətlidir və gələcək tədqiqatlara zəmin yaradır:

“Ərazidə 2026-cı ildə də qazıntıların davam edəcəyi gözlənilir”.

“Beşbarmaq arxeoloji ekspedisiyası”nın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun “İlk Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri Səfər Aşurov isə bildirib ki, Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu sahədə də İlk tunc dövrü – Kür-Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq edib.

S.Aşurov uzun axtarışlardan sonra nəhayət orta əsr səyyahlarının haqqında məlumat verdikləri karvansarayın yerinin müəyyən edilməsini böyük uğur adlandırıb:

“İlkin qazıntılarla karvansarayın strukturu müəyyən edilib, çoxsaylı maddi mədəniyyət qalıqları tapılıb. Tikilinin plan quruluşunun XVII əsr səyyahı Adam Olearinin təsviri ilə üst-üstə düşməsi, həmçinin numizmatik materiallar, qəlyan ucluqları və məhək daşının əldə edilməsi buranın məhz karvansaray olduğunu bir daha təsdiq edir”.

Qeyd edək ki, XX əsrin 20-ci illərində sovet alimi Yevgeni Aleksandroviç Paxomov son dəfə bu karvansarayın qalıqları barədə məlumat verib. Sonrakı tədqiqatlar zamanı isə onun yerini tapa bilməyiblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb. Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*