Beynəlxalq Bankın blokladığı kartdan pul oğurlanıb. Bank məsilyyətdən yayınır. Ehtiyatlı olun!
KONKRET.az xəbər verir ki, bununla bağlı iqtisadçı ekspert Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımı olduğu kimi təqdim edirik:
“Vətəndaşların bank kartlarından onlara məxsus vəsaitlərin oğurlanmasından da böyük bəla var. Vətəndaşdan icazəsiz ona kreditin verilməsi. Əgər birinci bəlada çempion “Kapital Bank”dırsa, ikincidə liderlik Azərbaycan Beynəlxalq Bankındadır (ABB).
Konkret misal. Deməli, vətəndaş kibercinayətkarların qurbanı olmuşdur. Onun ABB Tamkart kredit kartından 10704.83 manat məbləğində kredit silinmişdir (özü də vətəndaşın ABB-yə verdiyi telefon nömrəsi üzrə deyil, onun başqa nömrəsi üzrə). Halbuki, vətəndaş son anda məsələni başa düşərək dərhal ABB ilə əlaqə saxlayıb kartının bloklanmasını istəmişdir. Sənədlərdən də görünr ki, saat 21:57:52-də bank kartı bloklamış, lakin 30 saniyə sonra, yəni saat 21:58:32-də vəsait silinmişdir.
Vətəndaş polisə və ABB-yə müraciətləri heç bir nəticə verməmişdir. Vətəndaşın özünü təqsirkar çıxarıblar ki, özün məlumatları kibercinayətkarlara vermisən. Halbuki, qeyd etdiyim kimi, vətəndaş son anda banka müraciət edib və kart bloklanıb. Bloklanmış kartdan vəsait necə silinə bilərdi axı?
Bu, onun göstəricisidir ki, ABB-nin müvafiq sistemləri bərbad haldadır. Buna görə də təqsirini boynuna almaq istəmir. Nədir-nədir, saytında Standart Şərtlər yerləşdirib və onun müştəri üçün məcburi olduğunu iddia edir. Halbuki, həmin sənədin xeyli müddəası sadəcə məsuliyyətdən yayınmaq alətidir, buna görə də etibarsızdır (Mülki Məcəllənin 419-420-ci maddələrinə əsasən)!
Necə olur ki, Milli Qəhrəman Hökumə Əliyevanın atasının kartından vəsait oğurlayanları polis tapa bildi, amma bloklanmış kartdan pul oğurlamış şəxsləri tapa bilmədi?
Təəssüf ki, məhkəmələrimiz də bu cür işlərdə birmənalı olaraq bankların, xüsusilə iri bankların tərəfini tutur. Bu iş üzrə də Nəsimi rayon məhkəməsi (hakim Ceyhun Tağıyev) və Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Məhəmməd Rüstəmli) vətəndaşın iddiasını rədd ediblər. Hazırda kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır (sərdlik edən Elşanə Vəliyeva).
İş hələ məhkəmədə olduğu üçün barəsində ətraflı yazmıram. Yekun qərar barədə ətraflı yazacağam. Çünki bu, vacib presedent olacaq. Əgər bloklanmış kartımızdan da vəsaitlər oğurlana bilərsə, işimizi bilək bizim bank sistemimizlə, xüsusilə ABB kimi bir bankla…”//Yenisabah.az