Beynəlxalq hüquq müdafiəçiləri Berdiməhəmmədovdan tələb etdi: “Fəallara qarşı təqiblər dayandırılsın!”backend

Beynəlxalq hüquq müdafiəçiləri Berdiməhəmmədovdan tələb etdi: “Fəallara qarşı təqiblər dayandırılsın!”

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Beynəlxalq insan hüquqları təşkilatları Türkmənistan hakimiyyətindən fəalları və ailələrini təqib etməyi dayandırmağı tələb edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hüquq müdafiəçilərinin müraciəti “Türkmənistan Salnamələri” saytında yayımlanıb.

“Biz, müxtəlif ölkələrdən olan insan hüquqları təşkilatlarının nümayəndələri, Türkmənistanın vətəndaş fəallarına ölkələrində və xaricdə artan təzyiqlərdən, Türkmənistandakı qohumlarına edilən təhdidlərdən ciddi narahatlığımızı bildiririk. Bu səbəbdən ölkə xaricində yaşayan etiraz hərəkatının iştirakçıları vətənlərinə məcburi qayıtmaq təhlükəsi ilə üzləşirlər” deyilib.

Qəzetin qeyd etdiyi kimi, 2019-cu ilin yayından başlayaraq xaricdəki türkmən miqrantların icmaları arasında (Türkiyə, Rusiya, Kipr, ABŞ və s.) etiraz əhval-ruhiyyəsində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilib.

Etiraz fəaliyyətinin yeni artımı, 27 aprel 2020-ci ildə Lebap və Marı vilayətlərində baş vermiş fəlakətli qasırğadan sonra hakimiyyətin hərəkətsizliyi səbəb olub. Binalara ziyan dəyməsi, elektrik enerjisinin uzun müddət kəsilməsi, kanalizasiya və su təchizatı çatışmazlıqları barədə məlumatlar yayılıb.

Mayın 15-də Türkiyədə yaşayan türkmən fəalları ilk etiraz aksiyasını İstanbuldakı Türkmən konsulluğu qarşısında keçiriblər. Təxminən 20 nəfər zərər görən bölgələrin əhalisinə yardım göstərmədiyi üçün hakimiyyəti tənqid edib, sosial problemlərdən danışıb, prezident Qurbanqulu Berdiməhəmmədovun istefasını tələb edib.

Mayın 20-də Şimali Kiprdə 35-40 türkmən fəalının iştirakı ilə oxşar aksiya keçirilib. Mayın 29-da yenidən İstanbuldakı konsulluğun qarşısında mitinq baş tutub.

İyunun 26-da anti-prezident rəmzləri olan köynəklər geyinən bir qrup fəal, Türkmənistan rəhbərinin istefası tələbi ilə şüarlar səsləndirərək İstanbul küçələrini gəziblər. Aksiya başa çatdıqdan sonra naməlum şəxslər onun təşkilatçısı Xanım Rəsulovu oğurlamağa çalışıblar, lakin onların istəyi baş tutmayıb.

28 iyun – Berdiməhəmmədovun doğum günü ərəfəsində – ABŞ-da yaşayan türkmənlər BMT-nin Nyu Yorkdakı mənzil qərargahının və Vaşinqtondakı Türkmənistan səfirliyi qarşısında piket keçiriblər.

İyulun 16-da Nyu-Yorkda türkmən fəalları Berdiməhəmmədovun portretini, Türkmənistan bayrağını və “Türkmənistanın diktatoru! SOS!” yazısını əks etdirən plakatla bir təyyarənin uçuşunu təşkil ediblər.

Etiraz fəaliyyətinin dalğasını boğmaq üçün Türkmənistan hakimiyyəti fəallara və yaxınlarına təzyiqləri artırıb. Türkmənistanın xüsusi xidmət orqanlarının işçiləri Türkiyədə oxuyan bir neçə türkmən tələbəsinin yaşadığı yataqxanalara gəlib, onların telefonda şəxsi yazışmalarına,  fotoşəkillərinə baxıb.

Etirazlarda iştirak edən fəalların fotoşəkilləri və ya əlaqələri tapılsaydı, tələbələr Türkmənistana deportasiya edilərdi və sonradan həbsə atılardı.

Türkmənistandan fəallara və yaxınlarına təzyiqlər barədə də məlumatlar var. Son aylarda etiraz aksiyaları keçirmək və hökumətin siyasətini tənqid edən vərəqələr paylamaq cəhdlərinin sübutları toplanıb.

“Türkmənistan ciddi siyasi, iqtisadi və sosial problemlərlə üzləşir. Rəsmi açıqlamalara zidd olaraq, cəmiyyətdə gərginliyin sürətlə artmasına səbəb olan mənfi meyllər də var. Ancaq mövcud siyasi model, Konstitusiyaya və beynəlxalq hüququn tələblərinə zidd olaraq vətəndaşlara fikirlərini sərbəst ifadə etməyə imkan vermir. Bu vəziyyətdə, biz Türkmənistan hökumətini fikir ayrılıqlarını yatırtmaq təcrübəsindən əl çəkməyə, fəalların təqiblərinə dərhal son qoymağa və yaranan vətəndaş cəmiyyəti ilə dialoqa başlamağa çağırırıq”.

Bəyanatı Türkmənistan Helsinki Fondu, İnsan Hüquqları üzrə Türkmənistanın Təşəbbüs Qrupu, Memorial İnsan Hüquqları Mərkəzi (Rusiya), Bolqarıstan Helsinki Komitəsi və digərləri də daxil olmaqla, beynəlxalq insan hüquqları təşkilatlarının təxminən on nümayəndəsi imzalayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*