Fevralın 16-da 20 ölkədən 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
KONKRET.az xəbər verir ki, fevralın 18-dək davam edəcək səfər Yer kürəsini müvafiq parametrlər əsasında 1301 regiona bölərək bu sahədə səyyahlar üçün beynəlxalq standartları müəyyənləşdirən dünya miqyaslı “NomadMania” klubunun təşkilatçılığı ilə həyata keçirilir. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Avstriya, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Macarıstan, Bosniya və Herseqovina, Serbiya, Slovakiya, Ukrayna, Türkiyə, Tailand, Küveyt, Əlcəzair, Avstraliyanı təmsil edən səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayır.
Şuşa ilə yaxından tanışlıqdan sonra bu gün beynəlxalq səyahətçilər Ağdamda olacaq. Tanınmış fotoqraf Reza Deqati Ağdamın dünəni və bu günü ilə bağlı səyyahlar qarşısında sərgi ilə çıxış edəcək. İndi işğaldan azad edilmiş digər yerlər kimi, Ağdama da həyat yenidən qayıdır, bərpa və quruculuq işləri sürətlə davam etdirilir.
Beynəlxalq səyahətçilər Qarabağdan sonra Şərqi Zəngəzura səfər edəcək, törədilmiş urbisidi öz gözləri ilə görəcəklər. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə yerində tanış olacaqlar. Dünya səyyahları fevralın 18-də səfər qeydlərini Bakıda mətbuat konfransı keçirərək ictimaiyyətlə bölüşəcəklər.
Heyətə “NomadMania” klubunun yaradıcısı və rəhbəri, dünyanın 1301 regionundan 1252-də olaraq dünya rekordçusu olan Harry Mitsidis (https://nomadmania.com/master/ALL/0/1/20/0) rəhbərlik edir.
Xatırladaq ki, beynəlxalq səyahət klublarının (ETIC – Extremal Travellers International Congress, MTP – Most Traveller People, TCC -Travelers’ Century Club, “Nomadmania”) rəhbərləri bir qrup səyyahla birgə ilk dəfə 2021-ci il sentyabrın 27-də azad edilmiş ərazilərə səfər etmişdilər. On bir ölkədən olan heyət o vaxt kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Füzuli Beynəlxalq Hava Limanına enmiş, azad edilmiş ərazilərdə olmuş və dağıntılara, quruculuq işlərinə şahidlik etmişdilər.
Bu dəfə isə həm səyyahların təmsil olunduğu ölkələrin coğrafiyası 2 dəfə böyüyüb.
Dünya şöhrətli beynəlxalq səyahətçilərin 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərə bu səfəri həm də tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və turizm elitasının Qarabağa, Şərqi Zəngəzura, o cümlədən Zəngəzur dəhlizinə getdikcə artan marağını ifadə edir.
***
11:08
Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər.
KONKRET.az xəbər verir ki, Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət geniş heyət Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda olacaq.
Qonaqlar azad edilmiş ərazilərə baş çəkəcək, ermənilərin işğal müddətində bu ərazilərdə törətdiyi vəhşilikləri gözləri ilə görəcək, vandallıqlarının izləri ilə yaxından tanış olacaqlar.
Qonaqlara işğal müddətində Azərbaycanın maddi-mədəni irsinin, tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdıldığı, yaşayış məntəqələrinin yer üzündən silindiyi barədə ətraflı məlumatlar veriləcək, insanlıq əleyhinə cinayətlərin izləri əyani nümayiş etdiriləcək.