Beynəlxalq Türk Akademiyası “Naxçıvan Müqaviləsi”nin 10 illiyini qeyd etdi – FOTObackend

Beynəlxalq Türk Akademiyası “Naxçıvan Müqaviləsi”nin 10 illiyini qeyd etdi - FOTO

Qazaxıstanın paytaxtı Nur-Sultanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan “Naxçıvan Müqaviləsi”nin 10 illiyi münasibətilə Beynəlxalq Türk Akademiyası tərəfindən tədbir keçirilib. KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, 2009-cu ildə Türk Şurası Dövlət başçılarının ortaq qərarı əsasında Azərbaycanın Naxçıvan şəhərində qurulan Akademiyanın əsas məqsədi Türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, habelə, Türk mədəniyyətinin bəşər sivilizasiyasına töhfəsini tədqiqi etmək, Türk dünyasında akademik fəaliyyəti koordinasiyasını həyata keçirməkdir. Bu məqsədlə Akademiya Türk xalqlarının elmi təşkilatlarına elm və təhsil məsələsində yardımçı olur, Türkdilli ölkələr və xalqların ziyalıların təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir. Akademiya rəhbəri Azərbaycan və Türkiyə parlament rəhbərlərinə türkdilli dövlətlər arasında inteqrasiyaya verdikləri dəstəyə görə təşəkkür edib və onların Akademiyanı ziyarət etməsini yüksək qiymətləndirdiyini bildirib.

Akademiya rəhbəri Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini nəzərə alaraq, ötən il UNESCO-nun Baş qərargahında təşkil olunan beynəlxalq forum çərçivəsində AXC-nin 100 illik yubileyinin qeyd olunduğunu, bu il isə “Nəsimi İli” çərçivəsində yenə də UNESCO-nun Parisdəki mənzil qərargahında təşkilatın himayədarlığı altında keçirilən forumda böyük şairin 650 illik yubileyinin və “Naxçıvan müqaviləsi”nin 10 illiyinin qeyd olunduğunu bildirib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov “Naxçıvan müqaviləsi”ni böyük tarixi hadisə kimi xarakterizə edib və onun türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirib. Azərbaycanın hazırda türkdilli xalqların inteqrasiyasına xidmət göstərən TürkPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi iki önəmli təşkilata ev sahibliyi etdiyini vurğulayıb. Digər çıxış edənlər də türk dünyasının beynəlxalq münasibətlərdə güclü aktora çevrilməsinin vacibliyini vurğulayıb və bu prosesdə bu il 10 illiyi qeyd olunan “Naxçıvan müqaviləsi” ilə qurulan ortaq regional təşkilatların rolunu qeyd ediblər. Türk Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası kimi təşkilatların qısa zaman müddətində mühüm işlər gördüyünü vurğulayıb. O, dəyirmi masaya ev sahibliyi edən Beynəlxalq Türk Akademiyasının vacib elmi tədqiqatlar və elmi ekspedisiyalar təşkil etdiyini, çox sayda kitablar nəşr etdiyini vurğuladı və bu istiqamətdə fəaliyyətin beynəlxalq səviyyədə təqdimatının gərəkli olduğunu diqqətə çatdırıb.

İldırım Musayev

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*