“Diplomatlarla yanaşı Azərbaycan və Ermənistanın müdafiə nazirləri də son günlər səfərlərinin sayını artırıb. Hətta onlar diplomatlardan daha çox görüşlər keçirir”.
KONKRET.az xəbər verir ki, bunu hərbi məsələlər üzrə ekspert Səxavət Məmməd bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan müttəfiq axtarışındadır:
“Ermənistan müdafiə naziri Gürcüstana səfər edəndə Azərbaycanda bir çoxları bunu alınan silahların Gürcüstan üzərindən keçməsi ilə əlaqələndirdi. Məsələ ondadır ki, silah alqı-satqısı zamanı onun daşınması razılaşdırılır. Yəni silahı almaqla bağlı müqavilə imzalayıb, sonra yol axtarışına çıxmırlar. Ermənistan müdafiə nazirinin gürcüstanlı həmkarı ilə görüşü daha çox regionda gözlənilən proseslərlə bağlı ola bilər. Ermənistan müttəfiq axtarışındadır. Onların müdafiə nazirinin Cənubi Koreyaya səfəri də bu səpkidədir. Konkret olaraq yanındakı güclər Ermənistana kiminlə münasibət qurmaq lazım olduğunu deyir, onlar da icra edir. Rusiya – Şimali Koreyaya qarşı Cənubi Koreya, necə ki, Azərbaycan – Pakistana qarşı Hindistanı seçmişdilər”.
S.Məmməd Azərbaycanın kimin yanında yer alacağını müəyyən etdiyini bildirib:
“Azərbaycan, Rusiya və Çinlə müttəfiqlik bəyannamələri imzalayıb. Beləliklə, Azərbaycan kimin yanında yer alacağını müəyyən etmiş olur. Ermənistanın da kimin yanında yer aldığı ərazisinə dəvət etdiyi güclərdən bəllidir. ABŞ, Fransa, konkretləşdirsək – NATO. NATO-nun hədəfində kimlər var? Rusiya, İran, Çin, Şimali Koreya. Ermənistanla toqquşma olacağı təqdirdə bu dördlüyün yanına Azərbaycanı da qoşacaqları istisna deyil. Ölkəmizin müdafiə naziri də Gürcüstanda səfərdə oldu və gürcü həmkarı ilə görüşdü. Hesab edirəm ki, bu görüşün də mövzusu regionda proqnoz edilən, gözlənilən proseslərlə bağlıdır. 44 günlük müharibə zamanı Gürcüstanın ən azı rəsmi olaraq sərgilədiyi mövqe indi də Azərbaycana lazımdır”.
Müəllif İranla Qərbin mövqeyinin üst-üstə düşdüyünü bildirib:
“Cənubi Qafqaz uğrunda savaşda tərəflər bəlli kimi görünsə də, əslində İran və Türkiyə müəmmadır. İndiki məqamda İranın mövqeyi Qərbin mövqeyi ilə üst-üstə düşür. İranın hər dəfə sərhədlərin dəyişdirilməsi qırmızı xəttidir deməsi, bəhanədən başqa bir şey deyil. İşin gerçəyi odir ki, rəsmi Tehran Ermənistan üzərindən açılmalı olan yolla barışa bilmir və barışacağı da gözlənilmir. İran hətta dəhliz məsələsini aktivləşdirən Rusiyaya da diş göstərir.
Bu Rusiya ilə İranı düşmən edəcək?
Qətiyyən! İran Ukrayna müharibəsində Rusiyaya dəstək göstərir, Suriyada bu iki ölkə ortaqdır. İsrail-İran gərginliyi zaman İrana Rusiyadan hərbi təyyarələr endi və iddialar var ki, Rusiya İrana hava hücumundan müdafiə vasitələri verib. Yəni İranla Rusiya münasibətləri çoxşaxəlidir. Cənubi Qafqazda maraqlar toqquşa bilər, ancaq digər regionlarda uzlaşaraq hərəkət edirlər. Yaxın Şərqdə baş verən proseslərdə də İranla Rusiyanın ortaq olduğunu demək mümkündür. Hətta prosesləri İrandan çox Rusiyanın alovlandırdığı iddiaları da var. Misal üçün Husilərin Qırmızı dənizi iflic edən gəmi əleyhinə raketləri Rusiyanın verməsi barədə informasiyalar mövcuddur. Hesab edirəm ki, Rusiya ilə İran arasında Cənubi Qafqazla bağlı nə qədər ziddiyyətlər də olsa, iki ölkə ortaq məxrəcə gələcək. Düzü, başqa variantları da yoxdur kimi görünür. Qərbin ən böyük uğuru Ermənistanın müdafiə qabiliyyətini artırmaqdan daha çox İranla Rusiya arasında bağları qoparmaq olardı. Ancaq bunun baş verdiyini nəinki görürük, əksinə hər həmlədə sözü gedən dövlətlər daha da yaxınlaşır”.
Bildirilir ki, Türkiyənin seçimi NATO ilə birgə hərəkət olacaq:
“Türkiyənin mövqeyi necə olacaq, buna cavab vermək o qədər də asan deyil. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir, ortada Şuşa bəyannaməsi var. Eyni zamanda Türkiyə Ermənistandan Rusiyanı sıxışdırıb çıxarmaq istəyən ABŞ, Fransa ilə NATO masasındadır. Belə olan təqdirdə Türkiyə NATO ilə birgə hərəkət edəcək. Reallıq və Türkiyənin Cənubi Qafqaz maraqları onu deməyə əsas verir ki, Türkiyənin seçimi NATO olacaq. Ancaq arzuolunandır ki, sözügedən ölkə neytral qalsın. Türkiyə də bilir ki, Cənubi Qafqazda möhkəmlənmək üçün Gürcüstan, Azərbaycan və Ermənistanda da möhkəmlənməlidir. Türkiyənin Gürcüstan və Azərbaycanla bağlı problemi olmasa da, Ermənistanla münasibətlərin normallaşmaması rəsmi Ankaranı Tehran və Moskvadan bir addım geridə saxlayır. Azərbaycandan fərqli olaraq, Türkiyə Ermənistanın torpaq iddiasını ciddiyə almır. Ona görə də rəsmi Ankara Ermənistan gerbi, konstitusiyası dəyişmədən belə normallaşma prosesinə gedə bilər. Strateji hədəflərə çatmaq üçün Türkiyə kimi dövlətlər bəzi məsələlərə göz yuma bilər. Bunun baş verməsi bizi qətiyyən təəccübləndirməməlidir. Çünki strateji maraqlar, oturulan masalar fərqlidir”.
Hərbi ekspert qeyd edib ki, proseslərin sonunda bəzi dövlətlər xəritədən silinə bilər:
“Bu elə ağır prosesdir ki, sonda bəzi dövlətlər xəritədən silinə, müstəqilliklərini itirilə bilər. Ona görə də Cənubi Qafqazın ən güclü dövləti olmaq kifayət etmir, Cənubi Qafqazın tək dövləti olmaq strateji hədəf olmalıdır. Çünki dünyanın siyasi xəritəsi əgər dəyişəcəksə, varlığını qorumaqla yanaşı, tikələrdən pay götürməyə də hazır olmalısan. Hesab edək ki, bu strateji hədəflər arasındadır, cəmiyyət necə, buna hazırdır? Hə, bax burda “Kərəmi ağlamaq tutur…”
Məlik,
KONKRET.az
Konkret, bu məqalənin adını Türkiyə ilə əlaqələndirib müəmmalı ? işarəsi ilə yazaraq millətimizi hansı rus gavurun-erməniləşmiş kəslərin sifarişi ilə şübhələrə sürükləyirsiniz ?…Ölüb yerə girdinizmi?
“necə ki, Azərbaycan – Pakistana qarşı Hindistanı seçmişdilər”. bu cümləni , yaxud bu fikiri necə başa düşək ? Yəni Azərbaycan Pakistana qarşı Hindistanı seçmişdir????
Ekspertin irəli sürdüyü “bəzi ölkələr xəritədən silinə bilər” və ya “Azərbaycan Türkiyəyə bel bağlamamalıdır” kimi fərziyyələri kökündən yanlşdır…