Bəzi marşrut avtobuslarında kondisionerlər niyə işləmir? – AYNA-dan AÇIQLAMAbackend

Bəzi marşrut avtobuslarında kondisionerlər niyə işləmir? - AYNA-dan AÇIQLAMA

Bir neçə gün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Tövsiyə edilib ki, sifarişlə ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və digər hallar haqqında AYNA-ya məlumat versinlər.

Vəd olunub ki, sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və qanuvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.

Bəs avtobuslarda kondisionerlərin istifadə edilməməsi ilə bağlı hansısa tədbir görüləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və soyutma sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür:

“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.

Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib. Onlara avtobuslarda soyutma sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir”.

Cavabda həmçinin vurğulanıb ki, Bakıda bəzi avtobusların istismar müddəti bitdiyi üçün yenilənməsinə ciddi ehtiyac var:

“Bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara cavab vermir. Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var.

Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığının ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir. Artıq bu şəbəkənin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində 5 yeni marşrut olmaqla ilkin tətbiqinə başlanılıb”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*