“Bir bayatını İranın ərazi bütövlüyünə təhdid sayan Zərif! Cavab ver” – Tehrana MESAJbackend

“Bir bayatını İranın ərazi bütövlüyünə təhdid sayan Zərif! Cavab ver” – Tehrana MESAJ

Anar Əliyev, politoloq

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb. Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb. Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev bildirib ki, baş verənlər İran-Azərbaycan arasındakı rəsmi əlaqələrə, dost və qonşuluq münasibətinə tamamilə ziddir: “İran dövləti bu addımlara rəsmi şəkildə cavab verməli, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasında iştirakçı olan şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Hesab edirəm ki, rəsmi Tehran nəqliyyat vasitələrinin İran dövlətinə deyil, bu ölkəyə aid hansısa şirkətlərə məxsus olduğunu açıqlayacaq. Amma bu İranın məsuliyyətdən yayınmasına səbəb olmamalıdır. İranın xarici İşlər nazirliyinə müraciət edirəm: “Bir bayatı və folklor nümunəsini İran dövlətinin ərazi bütövlüyünə təhdid kimi qiymətləndirən cəzab Zərif! Azərbaycanın ərazi bütövlüyünə zərbə vuran, tarixi münasibətlərə kölgə salan bu kimi addımlara İran dövləti adından cavab verin”.

Politoloq əlavə edib ki, İran müsəlman ölkəsi olaraq Qarabağda məscidlərə və tarixi abidələrə vandal münasibət göstərən bir millətə kömək etməməlidir: “Bu İslam və müsəlman həmrəyliyinə ziddir. İkinci bir məsələ sülhməramlıların öz fəaliyyət çərçivələrindən kənar işlərlə məşğul olmalarıdır. Rusiya sülhməramlı qüvvələri 10 noyabr Bəyanatından sonra Azərbaycanın Qarabağ bölgəsinə daxil olub və onların fəaliyyət səlahiyyətləri iki cəmiyyət arasında etimad mühiti yaranana qədər hər hansısa qarşıdurmanın baş verməməsinə nəzarət etməkdir. Amma sülhməramlıların separatçılara dəstək verdiklərini görürük. Eyni zamanda separatçılara dəstək verən müxtəlif dövlətlərin və şirkətlərin bölgədə fəaliyyətinə göz yummaqla məşğuldurlar. Bütün bunlar sülhməramlıların öz səlahiyyətlərini aşdıqlarını göstərir. Bütün bunlar 10 noyabr Bəyanatına imza atan Putinə qarşı hörmətsizlikdir. Hesab edirəm ki, Prezident İlham Əliyev regionda münaqişəni yenidən qızışdırmağa çalışan Ermənistan rəhbərliyinə və separatçı qüvvələrə açıq şəkildə verdiyi mesajla öz fikirlərini bidirib. Prezident qeyt edib ki, növbəti belə təxribatlar baş verərsə, o zaman Azərbaycanın sərt mövqeyi ilə qarşılaşacaqlar. Bu ifadədən həm sülhməramlı qüvvələr və onların rəhbərliyi, həm də ölkəmizin ərazi bütövlüyünə xələl gətirən addımlar atan İran rəsmiləri nəticə çıxarmalıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*