Bir il əvvəl bu gün…backend

Bir il əvvəl bu gün…

İlk yazımız Savaşdan bir gün öncə Füzuli rayonunda baş verənlərə həsr olunub…

BİR İL ƏVVƏL BU GÜN…

Düz bir əvvəl sentyabrın 26-da Əhmədovlar ailəsi Sənan üçün elçi gedir. Elçilik el adətiylə baş tutur. Sonda qonaqlara şirin çay verilir. Elçiliyin sonunda nişan tarixini belə təyin edirlər. Sentyabrın 27-si Sənan sevdiyi qızgilə getmək istəyir. Maşını işə salıb radionu açır: Müharibə başlayıb.

Bir gün sonra ona çağırış vərəqəsi gəlir. Sentyabrın 29-u cəbhəyə yola düşür. Yaralanır, qazi olur. Təxris edilir. İndiyədək də toyunu etməyib. 8 Noyabr – Zəfər gününə təyin ediblər toyu.

– Toyumuz burda, Əhmədbəylidə olacaq. Amma çox istərdim, nikahmızı Şuşada kəsdirək. Ona qədər orada “ZAQS” yaratsaydılar bircə…

Sənanın arzusu yerinə yetər, inşallah.

Axı, bir il əvvəl bu saatlarda bu arzunu kimə söyləsəydin, sadəcə gülərdi. Ən yaxşı halda, “inşallah” – deyib keçərdi…

Düz bir əvvəl indi olduğumuz Əhmədbəyli, Horadiz, Bala Bəhmənlidə hərə öz qayğısıyla yaşayırdı. Əhmədbəyli “kruqu”nda qəssab qoyununu kəsirdi, baqqal dükanını açırdı, çayçı samovarını qaynadırdı. 1994-cü ilin may ayından bu tərəflərdə ara-sıra atəşkəs pozulmasını nəzərə almasaq, sakitlik idi. Kimlərsə bu sakitliyin əbədi olacağını düşünürdü. Amma nəinki hər günün, hətta hər saatın belə hökmü varmış.

– Biz həmin axşam Əhmədbəylidə kafedəydik. Bir dostumuz var, onun ad gününü keçirirdik. Yedik-içdik, qərara gəldik ki, səhər tezdən bir də görüşək, xaş yeyək. Səhər tezdən isə raket, bomba səsinə oyandıq. Xaş bir yana, eyni qonaqlıqda olduğumuz uşaqların üçünə və mənə çağırış vərəqəsi gəldi. Şükür Allah ki, üçü də salamat qayıtdı.

Həmsöhbətimiz İlqar Quliyevdi. İlqar özü cəbhəyə ayın 29-u yollanır.

– Sentyabrın 27-də saat 06.00-da Füzulinin Nərgiztəpə istiqamətində (bu ərazi Lələtəpənin sağ tərəfindədir) döyüş başlandı. Bu, şiddətli və ağır döyüş idi. Oktyabrın 2-də mən də yaralandım. Mərmi mənim lap yaxınlığıma, yəni on-on beş metr uzaqlığa düşdü. Huşsuz vəziyyətdə dərhal Füzuliyə apardılar, Əhmədbəylidə müalicə olundum. Oktyabrın 10-da geri – əsgər yoldaşlarımın yanına qayıtdım. Onların əksəriyyətini salamat görüb, çox sevindim, sanki mənə dünyanı bağışladılar. Həm də qoşunlarımız xeyli irəliləmişdi, Cəbrayılda idik. Mənim də tərkibində olduğum kəşfiyyatçılar dəstəsi xüsusi təyinatlıların hissəsi kimi hərəkət edirdi. Yəni biz kəşfiyyat işlərini yerinə yetirirdik. Tapşırığımız Qafan-Gorus sərhədinə qədər ərazilərdə kəşfiyyat işləri aparmaqdı. Gəlib, Qubadlıya çatdıq. Deməyim nədi, o vaxt, Əhmədbəylidə nə ağlıma gələrdi ki, cəmi bir ay sonra Qubadlıda olacam. Mən ümumiyətlə, xaraktercə sakit adamam. Müharibə bizə nələri öyrətdi?

Nicatla Bəhmənlidə kiçik bir aptek işlədir.

– Mən adətən yuxudan gec dururam. Çünki qaş qaralana qədər aptekdə oluram, sonra da dostlarla birgə yığışırıq.  Səhər tezdən mənə zəng etdilər ki, bəzi dərmanlar, şprislər lazımdır. Mən də aptekdə nə var, yığdım maşınıma, apardım. Məlum oldu ki, yenə dərmanlara ehtiyac var. Düzü, çaxnaşma düşmüşdü burda. O buna zəng edir, bu ona telefon açır. Dayanmaq olmazdı. Başa düşmürdüm, nə baş verib. Məlum oldu ki, müharibə başlayıb. And olsun Allaha ki, dərmanları hamı təmənnasız verirdi. Qonşu rayonlardakı tanıdığım aptek sahibləri, kim nəyi bacarırdısa, kömək edirdi.

Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru Şaiq Şükürov deyir ki, onların mərkəzi 100 çarpayılıqdı. Adətən, onun da bir hissəsi boş qalarmış. Elə sentyabrın 26-da da normal rejimdə işləyirmişlər…

– Haradan biləydik ki, bir neçə saatdan sonra nələr baş verəcək. Amma özümüzü itirmədik, Bütün çətinlikləri göz önünə almışdıq. Açığı, belə gözləmirdik. Hər gün onlarla yaralı qəbul edirdik. Bilmirdik, tutaq ki, sabah nə qədər yaralı gələcək. Artıq ilk gündən çarpayı çatışmazlığı yaşandı. Sağ olsun, kənd camaatı, bizi darda qoymadı. Amma ən qısa müddətdə TƏBİB bizə mümkün yardımını etdi. Kənd camaatı bir məsələdə də bizə böyük dəstək oldu. Təsəvvür edin, yaralıların böyük əksəriyyəti əməliyyata aparılarkən hərbi paltarları cırılırdı, ya da qan içində olduğundan yararsız hala düşürdü. Bax, onda camaat əyninin təzə paltarını, hələ geyinmədiyini gətirib verirdi ki, əsgər təxliyə olunanda istifadə etsin.

– Biz üzüm yığmağa gedəcəkdik, bibimgilə. Anam da həmin gün mürəbbə bişirəcəkdi. Şəkər tozu-filan da almışdıq. Atam anama tapşırmışdı ki, mürəbbəni ocaqda bişirin. Elə daha dadlı olur. Axşam saat on, ya on bir olardı, anam məni başqa bir bibimgilə tiyan dalınca göndərdi. Dedim, daha niyə geri qayıdım ki? Kəndin o başıdı. Səhər tiyanı da götürüb qayıdaram. Gecə səhərədək bibi uşaqlarıyla söhbət etdik. Səhərə yaxın gözümüzə yuxu getmişdi ki, gördü, bomba səsləri aləmi götürüb. Elə bildik ki, yenə atəşkəs pozulub, yarım saata kəsəcək. Nə biləydik, müharibə başlayıb.

Elnur Əhmədzadənin dediyinə görə, səhər tiyanı da götürüb evə gəlir. Amma həmin tiyanda günlərlə yemək bişirilir, cəbhəyə yollanan hərbçilər üçün.

Elmir danışır ki, 27-i səhər tezdən Sumqayıta maşın bazarına gedəcəklərmiş. Əmisi oğlu üçün maşın behləyiblərmiş almağa.

– Biz Hacıqabula  çatahaçatda gördük ki, böyük bir kolon gedir. Əvvəl heç nə başa düşmədik. Dedik, yəqin təlimdi. Ələtə çatanda gördük yox, bu təlimə oxşamır. Elə həmin vaxt rayondan zəng gəldi ki, qayıdın, müharibə başlayır. Beh batmadı. Bir də müharibədən sonra gedib aldıq, həmin maşını…

Vüqarla danışırıq, deyir ki, müharibəni həmişə gözləyiblər. Nə vaxtsa başlaycağına inanıblar.

– Qocanın da, cavanın da, uşağın da, hamının qisas hissi həmişə olub.  Həmin gün mən Bakıdaydım. Ezamiyyətə gəlmişdim. Sübh tezdən mənə zəng gəldi ki, hazırlaşım, gedirik döyüşə. Dedim, nə məsələdi? Qayıt dedilər, rayona, müharibə başlayıb. İnanmazdım. Ona da inanmazdım ki, 44 gün keçəcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*