Azərbaycan ərazilərində ikinci erməni dövləti qurmağı hədəfləyən Ermənistan 35 il əvvəl “miatsum” hərəkatına başlayanda bu prosesin tez bir zamanda başa çatacağını güman edirdi.Xaricdə erməni diasporundan, daxildə SSRİ rəhbərliyindən dəstək alan Ermənistan buna nail ola bilməyəcəyini anlayıb hadisələri hərbi müstəviyə keçirdi. Bütün bəlalar da ondan sonra başlandı. SSRİ-nin dağılması və dünya nizamının dəyişməsindən istifadə edən ermənilər rusların köməyindən yararlanaraq Azərbaycan ərazilərində qanlı cinayətlər törətdilər.
Yüzlərlə günahsız azərbaycanlı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi.
Ermənilərin Kərkicahan, Malıbəyli, Meşəli, Qaradağlı, Xocalı, Ballıqaya, Başlıbel və digər ərazilərdə törətdikləri faciələr 20-ci əsrin ən dəhşətli qətlamları sırasındadır.
Azərbaycan 35 ildən sonra öz suveren ərazilərinə tam nəzarəti ələ alandan sonra günahsız azərbaycanlıları kütləvi qətlə yetirən erməni quldurların bir neçəsi həbs edilib. Onlar Azərbaycan qanunları ilə ittiham olunaraq layiq olduqları cəzalarını alacaqlar.
Hərbi Cinayətlərin Araşdırılması üzrə İstintaq – Əməliyyat Qrupunun keçmiş rəhbəri, “İnterpol”un işçi qrupunun keçmiş üzvü İlham Məmmədov KONKRET.az-a açıqlamasında deyib ki, “1-ci Qarabağ müharibəsi dövründə Ermənistanın təcavüzü nəticəsində bir çox ağlasığmaz cinayətlər törədilib.
Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanıb. Lakin istintaqın aparılması üçün obyektiv şəraitin olmaması və ərazilərin işğal altında qalması səbəbindən cinayət işləri dayandırılıb.
Bununla bağlı uzun müddət ərzində Azərbaycan ərazilərində xüsusi amansızlıqla cinayətlər törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilməyib”.
İlham Məmmədov daha sonra bildirib ki, 1960-cı ildə qəbul edilmiş Azərbaycan SSR Cinayət Məcəlləsində (CM) beynəlxalq cinayətlərə dair hər hansı bir maddə nəzərə alınmayıb: “Bu, çox böyük problem idi. Baxmayaraq ki, ermənilərin cinayətləri nəticəsində minlərlə adam zərər çəkmişdi, bir milyona yaxın adam qaçqın düşmüşdü, insanlarımız soyqırıma məruz qalmışdı, amma biz cinayətkarları mühakimə etmək üçün məsələyə hüquqi aspektdən yanaşa bilmirdik.
Yalnız 2000-ci il sentyabrın 1-dən sonra Azərbaycan CM-də bu cinayətlərə dair məsuliyyətə cəlb etməyə dair maddələr nəzərə alınmışdır”.
2005-ci ildə həmin cinayətlərin istintaqının hərbi prokurorluğa həvalə edildiyini deyən İstintaq-Əməliyyat Qrupunun keçmiş rəhbəri bildirdi ki, bu cinayətlər arasında özünün xarakterinə görə ən təhlükəli, ağlasığmaz, insanlığa yaraşmayan Xocalı qətlamı soyqırım maddəsinə tövsiv edildi:
“Bundan sonra həmin cinayəti törədən şəxslərin müəyyən edilməsinə başlanıldı. İlk növbədə həmin cinayətdə iştirakı olan şəxslərin həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərarlar qəbul olundu. Onların həbs edilməsinə dair məhkəmələrə müraciət olundu və onların beynəlxalq axtarışları təmin edildi.
Həmin dövrdə bu cinayətləri törədən 280-dən artıq şəxs müəyyən olundu. Açığı, həmin illərdə ağlımıza gətirə bilməzdik ki, biz Xankəndiyə rahat daxil olub cinayətkarları həbs edəcəyik. İndi həmin kütləvi qırğınları törədən cinayətkarların əksəriyyəti həbs olunub. Təbii ki, bütün bunlar düşünülmüş, ardıcıl, hərtərəfli siyasətin nəticəsində baş verib. Cənab Prezident İlham Əliyevin siyasəti bu günki qələbəmizi reallaşdırdı”.
İlham Məmmədov daha sonra əlavə edib ki, 44 günlük müharibə zamanı ermənilər insanlıq əleyhinə silsilə cinayətlər törətdilər. Həmin cinayətlərlə bağlı Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti cinayət işi qaldırıb, ciddi və məsuliyyətli iş aparılıb. Fiziki şəxslərin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilib:
“Birinci mərhələdə bu cinayəti törədən şəxslər müəyyən edilib. Həmin şəxslər konkret olaraq hadisələr zamanı insanlara amansız şəkildə divan tutanlar idi. Təbii ki, bu adamlar özbaşına gedib cinayət törətməyib. Cinayətlər mütəşəkkil bir qrup tərəfindən təşkil olunub.
İkinci mərhələdə onların verdiyi ifadələr əsasında başqa sübutlar təhlil edilərək həmin şəxslərə ittiham verilib. İndi isə qondarma rejimə rəhbərlik edən şəxslər həbs edilir. Yəni bu cinayətləri təşkil edən vəzifəli şəxslərdən söhbət gedir. Bunların mühakimə edilməsi çox vacib və zəruridir. İndi əsas məqsəd erməni psixologiyasında olan faşist “nijdeizm” ideologiyasının mühakiməsidir”.
Hüquqşünas onu da əlavə edib ki, bəzi qüvvələr son hadisələrlə bağlı Azərbaycanı ittiham etməyə çalışırlar və separatçıların həbsini milli, etnik zəmində cinayət kateqoriyasında təqdim etmək istəyirlər: “Bu, qətiyyən belə deyil. Azərbaycanın hüquq-mühafizə sistemini yalnız cinayət törətmiş şəxslər maraqlandırır. Biz cinayət törətmiş şəxslərin mühakimə edilməsini istəyirik və bu istiqamətdə dövlət tutarlı hərəkətlərini həyata keçirir. Biz erməni millətilə ədavət aparmırıq. Erməni xalqı özü bu gün faşist ideologiyasının əsirinə çevrilib”.
İlham Məmmədov həmin şəxslərin tutulub-mühakimə edilməsini Azərbaycanın yeni imicinin formalaşmasına xidmət edəcəyini düşünür: “Bütün dünyaya göstəririk ki, beynəlxalq cinayətlər törətmiş şəxslər harada gizlənməsindən, hansı şəraitdə yaşamasından asılı olmayaraq mühakimə edilməlidir. Biz ermənilərdən fərqli olaraq meşədə baltayla kiminsə başını kəsmirik. Biz bunları Azərbaycan Respublikasının qanunları ilə ittiham edirik. Bu da Azərbaycanın gücünü göstərir və bu əməlilə başqa ölkələrə nümunə olur”.
Vəli Həsənov,
KONKRET.az
Erməni sürüsü Faşist ideologiyasinin banisidir.nəinki əsiri