“Bizi məmurların qarşısında tək və kimsəsiz buraxmayın” – Sumqayıt sakinləri Prezidentə müraciət etdibackend

“Bizi məmurların qarşısında tək və kimsəsiz buraxmayın” - Sumqayıt sakinləri Prezidentə müraciət etdi

Sumqayıtda acınacaqlı şəraitdə yaşayan sakinlərə köhnə daxmalarından çıxmaq tələb olunub.

KONKRET.AZ redaksiyaya ünvanlanan müraciət əsasında xəbər verir ki, Sumqayıtda H. Z. Tağıyev (köhnə adı “Nasosnı”) qəsəbəsində taxta komalarda yaşayan sakinlərə oturduqları daxmalarından çıxmaq tələb olunur.

Sakinlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən şikayətçidirlər. Məmurların əlindən cana gələn sakinlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya müraciət ediblər. Onlar bildirir ki, hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyiblər.

Belə ki, sakinlərə ərazidə qanunsuz yaşadığı deyilir. Onlar isə uzun illər kommunal haqqı ödədiklərini, hətta yaxınlıqda bir ailəyə Heydər Əliyev Fondunun dəstəyilə ev tikilib verildiyini söyləyirlər. Sakinlərin sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsi də onların əleyhinə qətnamə çıxarıb. Həmin qətnaməni əlində bayraq tutan polis və icra məmurunun onlara hədə qorxu gələrək evlərindən çıxarmaq istədiklərini deyiblər. Bütün dövlət qurumlarına müraciət etdikərini deyən sakinlər dövlət başçısından dərdlərinə çarə gözləyirlər. Soyuq qış günlərində çöldə qalmaq istəməyən şəhər sakinləri qalmaq üçün yaşayış yeri və kompensasiya istəyirlər.

 

Müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikası Prezidenti

İlham Əliyev cənablarına

Surəti:    Azərbaycan Respublikası Birinci Vitse-

Prezidenti Mehriban xanım Əliyevaya

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi,

K.Kərimov küçəsində, baraklarda yaşayan

sakinlər tərəfindən  ( 070-855-00-18 )

 ŞİKAYƏT ƏRİZƏSİ:

 

Möhtərəm Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Yazıb Sizə bildiririk ki, biz 20 ildən çoxdur ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində baraklarda, taxta komalarda yaşayırıq. Çox acınacaqlı vəziyyətdə yaşasaq da heç bir vaxt dövlətə qarşı çıxmamışıq, bütün seçkilərdə bir nəfər kimi iştirak edib Ulu Öndər heydər Əliyevin siyasətinə səs vermişik, bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini dəstəkləyirik. Lakin bəzi məmurlar bizi dövlətimizdən, Prezidentimizdən incik salmağa çalışırlar. Kasıb daxmamızı da bizə çox görür, bu qışı bizi çöldə qoymaq istəyirlər. Bir müddətdir ki, Müdafiə Nazirliyinin H.Z.Tağıyev qəsəbəsi MİS bizim kasıb daxmalarımıza göz dikib burdan çıxartmaq istəyir. Sumqayıt şəhər Məhkəməsinə müraciət edib qətnamə də çıxarılmasına nail olublar. Bizim isə nə hüquqi savadımız var, nə də vəkil tutmağa maddi imkanımız. Onlar da bundan istifadə edirlər. İndi də həmin qətnaməni əllərində bayraq tutub hər gün polis, icra məmuru qalmır, üstümüzə salıb bizə hədə-qorxu gəlməklə evlərimizdən çıxartmaq istəyirlər. Bizə burda qanunsuz yaşadığımızı bildirirlər. Halbuki biz uzun illərdir burda kommunal haqları ödəyirik, övladlarımız burda məktəbə gedir, hətta qonşuluqda məhz Heydər Əliyev Fondunun dəstəyilə vətəndaşa ev tikilib verilib. İndi necə olur ki, biz qanunsuz yaşamış oluruq? Bütün dövlət qurumlarına müraciət etmişik, qəbullarında olmuşuq, ancaq bizi eşidən, dərdimizə qulaq asıb tədbir görən yoxdur. Xahiş edirik bizim səsimizi, yalvarışlarımızı, körpələrimizin  fəryadını eşidin, bizi məmurların qarşısında tək və kimsəsiz buraxmayın, heç olmasa kompensasiya və ya yaşayış yeri ilə təmin olunmağımıza göstəriş verin. Bizim Sizdən başqa kimsəmiz yoxdur.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*