Milli ideyalar zamanla dəyişir və formalaşır. Bu gün Azərbaycanda milli ideologiya qalibiyyət üzərində qurulub. 44 günlük Vətən müharibəsində əldə olunan böyük zəfər yeni ideologiyanın başlanğıcı idi. Bütün sahələrdə ideoloji iş, ideoloji mübarizə milli ruhun oynmasına töhvə verir. Döyüş meydanından tutmuş, elmi sahələrdə, informasiya məkanında, idman meydanlarında milli ideologiya əsas götürülür və ön planda dayanır. Bizi qalib edən də milli ideologiyamızdakı saflıq, təmizlikdir.
Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev KONKRET.az-a açıqlamasında bu mövzuya toxunaraq bildirib ki, azərbaycançılıq ideyası milli gerçəkliyimizin tərkib hissələrindən biridir:
“Dövlətçilik prinsipi milli ideologiyanın nüvəsini təşkil edir. Milli ideologiyanın mühüm struktur amili vətənpərvərlik, milli-mənəvi dəyərlərdir. Bu ideologiya insanların əsl vətəndaş kimi formalaşması, vəzifələri ilə yanaşı milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, həmin dəyərlərin aşılanması əsasında soykökünə bağlılıq, milli özünüdərk, özünüifadə və özünütəsdiq kimi məsələləri də əhatə edir. Bu baxımdan da ümummilli lider Heydər Əliyev milli ideologiyada azərbaycançılıq ideyasının yeri və rolunun xüsusi əhəmiyyətini ön plana çəkib. Ulu öndər vətənpərvərlik, tarixi keçmişə, soykökünə bağlılıq hisslərinin, Azərbaycan dilinin, milli-mədəni, dini dəyərlərin mənəvi-əxlaqi gücün inkişaf etdirilməsini, bu ideyanın gerçəkləşdirilməsi vasitələri kimi səciyyələndirmişdir. Müstəqil dövlətin yaranması, formalaşması üçün zəruri olan amillərdən biri də həmin dövlətin ərazisində məskunlaşan xalqın vahid ideologiya ətrafında birləşməsi, bu ideologiyanın əsaslarını özü üçün qəbul etməsidir. Vahid, mərkəzləşdirilmiş dövlətin yaranması üçün bu məqam xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi, onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq ideologiyası Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü sipər oldu. 1993-cü ildə Azərbaycan faktiki olaraq müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır vəziyyətdə xalqın tələbi ilə yenidən Azərbaycanı idarə etməyə başlayan görkəmli siyasi xadim Heydər Əliyevin ilk vəzifəsindən biri bəzi düşmən güclər tərəfindən körüklənən separatizmin qarşısının almaq oldu. Qısa müddətdə bu ağır vəzifənin öhdəsindən şərəflə gələrək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə nail olan Heydər Əliyev, bununla da mahir bir strateq olduğunu beynəlxalq aləmə bir daha nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində bildirirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Məhz ölkə Prezidenti İlham Əliyev Ulu Öndərin planlarını axıra çatdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Qurultaylarının birində demişdir: “Axı bura bizim vətənimizdir. Bizim bir dilimiz var- Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var- azərbaycançılıq məfkurəsi!”.
İdeya, insan beynində formalaşan düşüncə, anlayış və ya plan kimi tanınır. Həyatımızın hər sahəsində ideyalar önəmlidir və onlar yeniliklərin, kəşflərin, yaradıcılığın və inkişafın təməlidir. İdeyaların formalaşması insanın düşüncə qabiliyyətindən və müşahidə gücündən asılıdır. İdeyanın əsas mahiyyəti, onun insan düşüncəsinin məhsulu olmasıdır. İdeyaların yaranması insanın zehni fəaliyyəti ilə bağlıdır. İdeya o, vaxt formalaşır və inkişaf edir ki, ilkin düşüncədən sonrakı yaradıcılıq prosesinə qədər fərqli mərhələlərdən keçir. Bu mərhələlər müxtəlif formalarda həyata keçirilir. İdeyanın yaranması üçün ilham mənbəyinə ehtiyac var. İlham mənbəyi hər hansı bir müşahidə, problem və ya hadisə ola bilər. Məsələn, idmanda səhər gimnastikasını etmək, futbol yarışlarını izləmək və ya gündəlik həyatdakı müşahidələr ideyanın yaranması üçün təkan verə bilər”.
Vəli Həsənoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği mövzusuna uyğun olaraq dərc edilir”