Bu günlərdə bloqer Əsmət Axundzadə 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı avtomobili ilə Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunda 200 km/saat sürətlə hərəkət edib və həmin görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Görüntülər ictimailəşdikdən sonra isə Baş Dövlət Yol Polisi İdarəsindən xanım sürücü barəsində ciddi intizam tədbirlərinin görüldüyü barədə açıqlama verilib. Amma gözləntilərin əksinə, mövzu bununla da bitməyib.
Belə ki, Əsmət Axundzadə törətdiyi əməlin görüntülərini paylaşan onlayn media subyektlərinə məxsus səhifələri kütləvi şikayətlər vasitəsilə bağlatdırmağa başlayıb. Hətta bəzi xəbər portallarının “İnstaqram” səhifələri bağlanmaq təhlükəsi ilə üzləşib.
KONKRET.az mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasovun fikirlərini öyrənib. Ekspert bloqerin şikayəti əsasında bağlanmış səhifələrin bərpasının mümkünlüyünü bildirib:
“Sosial media istifadəçilərinin sayı milyonlarla ifadə olunduğu üçün həmin platformalarda şikayətlərin dəyərləndirilməsini süni intellekt həyata keçirilir. Görünür, bloqer xanım özündə həmin görüntüləri əks etdirən paylaşımları feyk xəbər kimi şikayət etdirib. Süni intellekt isə kifayət qədər feyk xəbər şikayəti aldığından həmin səhifələrə məhdudiyyətlər tətbiq edib”.
Elvin Abbasov bu kimi problemlərlə üzləşən səhifə sahiblərinə məsləhət də verib:
“Səhifəsi bağlananlar “İnstaqram”la əlaqəyə keçərək xəbərin mötəbər media qurumlarındakı linklərini onlara göndərə bilərlər. Bu halda hesabların qorunacağı ehtimalı artır. Əks halda isə “İnstaqram” bu məsələni xanımın xeyrinə həll edəcək”.
Natiq Səlim,
KONKRET.az