Məlum olduğu kimi, səhər saatlarında Ermənistanda baş verən zəlzələ Azərbaycanda hiss olunub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosundan bildirilib ki, zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində 3 bala qədər hiss olunub.
Artıq sosial şəbəkələrdə təkanların davam edəcəyi ilə bağlı təlaş duyulmaqdadır. Bəziləri hətta bir qədər də irəli gedərək son günlər Xəzər dənizində boğulanların artmasını mümkün zəlzələ ehtimalına bağlayır, tektonik fəallığın dənizdə güclü burulğanlar yaratdığını iddia edirlər.
Mövzu ilə bağlı KONKRET.az-a danışan ekoloq Telman Zeynalov bu kimi iddiaların elmi əsasdan məhrum olduğunu deyib:
“Dünyanın harasındasa, yaxud qonşu ölkələrdə zəlzələnin baş verməsi o anlama gəlmir ki, bu, bizdə də təkrarlanacaq. Elə bir şey yoxdur. Hər nöqtənin özünün boşluq nöqtələri var. Hər nöqtənin özünün zəlzələ ocağı var. Əgər Ermənistanda zəlzələ baş veribsə, Naxçıvan bunu ona görə hiss edir ki, sərhəddir, zəlzələ ocağına yaxındır”.
Telman Zeynalov dənizdə boğulmaların sayındakı artımla yeraltı təkanların qarşılıqlı əlaqəsi haqda deyilənlərlə də razılıaşmır:
“Zəlzələ ilə dənizdə yaranan burulğanların əlaqəsi yoxdur. Ağızlarına gələni danışırlar. 20 ildir qlobal istiləşmənin başladığını deyirlər. Hansı qlobal istiləşmədən söhbət gedə bilər? Heç kim bunu isbatlaya bilməz. Ancaq nağıl danışırlar, insanların beynini çirkləndirirlər. İnsanlar da düşünür ki, bu gün- sabah dünya dağılacaq, məhv olub gedəcək. Buna son qoymaq lazımdır. Planetimizi hansısa təhlükə gözləmir”.
Aygün Mirakif
KONKRET.az