Böyük Britaniya hökuməti ölkəyə qeyri-qanuni yollarla daxil olan şəxslərə qarşı mübarizəni gücləndirmək məqsədilə yeni və daha sərt tədbirlərin tətbiqinə başlayıb.
KONKRET.az xəbər verir ki, yeni hüquqi mexanizmlər əsasən insan alveri ilə mübarizə və qeyri-qanuni miqrant axınının qarşısının alınmasına yönəlib.
İngiltərənin daxili işlər naziri tərəfindən irəli sürülən təkliflərə görə, sərhəd və liman nəzarəti daha da gücləndiriləcək. Polis əməkdaşlarına qeyri-qanuni miqrantların üzərində ətraflı axtarış aparmaq, geyimlərini yoxlamaq və ağız boşluğunda narkotik maddə olub-olmadığını müəyyən etmək üçün xüsusi səlahiyyətlər veriləcək. Bu tədbirlərin məqsədi insan alveri ilə məşğul olan cinayətkar qrupların fəaliyyətinin aşkarlanması və zərərsizləşdirilməsidir.
Hökumət nümayəndələri bildiriblər ki, bu addımlar həm ictimai təhlükəsizliyi təmin etmək, həm də Böyük Britaniyanın miqrasiya sistemində nizam-intizam yaratmaq üçün atılır. Yeni qaydaların yaxın aylarda tam şəkildə qüvvəyə minəcəyi və miqrasiya idarələrinin fəaliyyəti ilə paralel həyata keçiriləcəyi gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
