Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın rəsmi olaraaq “BRİCS”ə (BRİKS) daxil olmaq üçün müraciət etdiyini açıqlayıb.
Xatırladaq ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Azərabaycan BRİKS-ə üzv olarsa, iqtisadi cəhətdən hansı üstünlüklər əldə edəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın sualların cavablayan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli hesab edir ki, BRİKS iqtisadi qiyafə geyinsə də, əslində siyasi təşkilatdır.
“Azərbaycan həm iqtisadi, həm də strateji baxımdan Avropayönlü ölkədir. Kəmərlərimiz Avropaya axır, bizim üçün cəlbedici həyat Avropadadır. Ona görə də mən istərdim ki, Azərbaycan sivil dünyanın birləşdiyi iqtisadi təşkilatlara üzv olsun. BRİKS ölkələrində istehsal edilən məhsulları Azərbaycan BRİKS-ə üzv olmadan da idxal edir. Məsələn, Hindistandan düyü idxal ediriksə, buna görə əlavə ittifaqa girməyə nə ehtiyac var? Bizim kommersiya qurumlarımız gedib məhsullarını alıb gəlir. Çin məhsulları da Azərbaycanda kifayət qədər satışdadır. Rusiya ilə də həmçinin əlaqələrimiz genişdir. Rusiya bizim idxal əməliyyatımızda ikinci yer tutur. Rusiya ilə təşkilatsız da əlaqələr qururuq. BRİKS iqtisadi qiyafə geyinsə də, əslində siyasi təşkilatdır. Buna görə də təşkilata üzvlük ilə Azərbaycanın hər hansı iqtisadi dvident əldə edəcəyini düşünmürəm”.
Aygün Mirakif,
KONKRET.az