Böyük Britaniya Hörmüz boğazında gəmilərin sərbəst keçidini təmin etmək üçün planın hazırlanmasında ABŞ-a dəstək verib. Çoxmillətli koalisiya qurmaq istəyirlər.
Bu, baş versə, Yaxın Şərqi nə gözləyər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Natiq Miri deyib:

“NATO rəhbərliyi bu məsələni müzakirə edəcəyi ilə bağlı ABŞ-a yönəlik yumşaldıcı fikir söyləyib. Çünki Tramp bu yöndə çox sərt ritorika istifadə edərək, ABŞ-ın NATO-dan çıxa biləcəyi ilə bağlı hədələr səsləndirib. Bundan sonra NATO məsələnin həlli üçün müzakirələr aparılacağını deyib”.
Natiq Mirinin sözlərinə görə, hələlik Britaniya Hörmüz boğazının açılması üçün hərbi gəmi göndərəcəyini vəd etməyib. Bu gün Britaniyanın mövqeyi Avropa Birliyi ölkələrindən fərqlənmir. Ancaq Britaniya ABŞ-a konkret mütəxəsislərin göndəriləcəyini bəyan edib. Hər hansı bir anlaşma əldə edə bilərlər. NATO-nun bir neçə aparıcı ölkəsinin Hörmüz boğazına hərbi gəmilər göndərmə ehtimalı var.
Politoloq belə tələblərin içərisində əsas yer alan və dilə gətirilməyən mövzudan bəhs edib:
“Qardaş Türkiyənin prosesə müdaxiləsi dilə gətirilmir. Çünki Türkiyə həm hərbi donanma, həm də əsgər baxımından NATO-da ABŞ-dən sonra ikinci ən böyük və qüdrətli dövlətdir. ABŞ Türkiyənin də müharibəyə qoşulmasında maraqlıdır. Həm donanması ilə Hörmüz boğazının açılması və nəzarətində iştirak edə, həm də türk əsgərləri İrana quru əməliyyatlarında hərbi müdaxilə yollaya bilər. Öz əsgərlərini əsirgəyən ABŞ və İsrail türk hərbçilərinin İrana qarşı əməliyyatda iştirakını arzulayır. Ancaq Türkiyə birmənalı olaraq bu prosesdə iştirak etmir. Ona görə də bu məsələ çox həssas bir vəziyyət alıb. ABŞ və İsrail qlobal neft böhranı kontekstində çətin vəziyyətə düşüb”.
Trampın yardım istəyinin arxasında İrana hərbi əməliyyatlara haqq qazandırılmasının və legitimləşdirilməsinin dayandığını deyən Natiq Miri vurğulayıb:
“NATO ölkələrinin müdaxiləsi və əməliyyata qoşulması məsuliyyətin bütün üzv dövlətlər arasında bölüşdürülməsi deməkdir. Məqsəd məsuliyyəti bölüşmək və daha çox beynəlxalq, ictimai rəydə bu əməliyyatlara legitim donu geyindirməkdir”.
“Koalisiya qurularsa, bir çox NATO ölkəsi hərbi gəmilərini regiona, o cümlədən Hörmüz boğazının açılması prosesinə göndərəcək. Bu, İranın vəziyyətini daha da çətinləşdirəcək. Çünki İranın imkanlarının tamamilə məhv edilməsinin yollarından biri də Hörmüz boğazının nəzarətə alınmasıdır. Ancaq bunu etmək üçün İranın bütün atəş imkanları məhv edilməlidir. Lakin buna hələ ki, nail olunmayıb. Bütün bombardmanlara rəğmən İranın hələ də raket imkanları mövcuddur. Hörmüz boğazına yaxınlaşan istənilən hərbi gəmi İranın hədəfinə çevriləcək. Raket və dron imkanları mövcud olduqca, koalisiya üçün potensial təhlükələr vəd edəcək. Ciddi bir koalisiya yaranarsa, başqa təzyiq imkanları da var. İranın Asiyaya göndərdiyi və bütün neft potensialının 95 faizi məhz Xarq adasında mövcud olan neft terminalı vasitəsilə həyata keçirilir. Bu terminalın tamamilə məhvi, yaxud quru qoşunları vasitəsilə işğal edilməsi ilə Hörmüz boğazına ciddi töhfə vermək mümkündür. Çünki İran neft ixracını dayandırarsa, iqtisadi cəhətdən onu çökdürəcək. İranı iqtisadi boğmaq alətlərindən biri də Xarq adasının nəzarətə götürülməsidir. Hər bir halda İranın imkanları göstərir ki, müharibə bundan sonra daha da qanlı davam edəcək”.
Dəniz Pənahova
KONKRET.az
