Böyük Britaniya hökuməti rusiyalı milyarder Roman Abramoviçə qarşı iddia qaldırmağı düşünür.
KONKRET.az xəbər verir ki, söhbət 2022-ci ildə “Çelsi” Futbol Klubunun satışından əldə edilən 2,34 milyard funt-sterlinqdən gedir.
Bu barədə Bloomberg məlumat yayıb.
Aİ və Böyük Britaniya Abramoviçə qarşı sanksiyalar tətbiq etdikdən sonra klub amerikalı iş adamı Todd Bellin konsorsiumuna satılıb. Lakin alınan vəsait Britaniya bank hesabında dondurulub və yalnız Maliyyə Sanksiyaları İdarəsinin icazəsi ilə istifadə oluna bilər.
Əvvəlcə Abramoviç bəyan edib ki, o, əldə olunan vəsaiti “Ukraynada müharibənin bütün qurbanlarına” yardım fondu yaratmaq üçün istifadə etmək niyyətindədir. Britaniya hökuməti hətta fondun qanuni qeydiyyatı üçün 200 min funt sterlinq ayırıb. Amma heç vaxt razılıq əldə olunmayıb.
2 iyun 2025-ci ildə Maliyyə Nazirliyinin kansleri Reyçel Rivz və Xarici İşlər Naziri Devid Lammi deyib: “Hökumət “Çelsi” Futbol Klubunun satışından əldə edilən gəlirləri Ukraynaya humanitar yardım göstərmək üçün istifadə etməyə sadiqdir. Cənab Abramoviçlə razılığa gələ bilmədiyimiz üçün məyus olduq”.
Müşviq Tofiqoğlu
KONKRET.az