“Ən Yaxşı Avtomobil Dizaynı-2023” (Car Design Award-2023) mükafatının qalibləri müəyyən edilib. Müsabiqənin münsiflər heyətinin fikrincə, ən gözəl avtomobillər “Ferrari” və “Genesis” tərəfindən istehsal olunur.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Car Design Award” İtaliyanın “Auto&Design” jurnalının redaktorları tərəfindən 1984-cü ildə təsis edilib.
Belə ki, 2016-cı ildən etibarən qaliblər üç kateqoriyada – “konsept avtomobillər”, “seriyalı avtomobillər” və “brend dizayn” üzrə müəyyən edilir.
Qeyd olunub ki, “Genesis” mükafatı “X Convertible” konseptinin görünüşünə görə, “Ferrari” isə “Purosangue” krossoverinə görə alıb.
“Seriyalı avtomobillər” kateqoriyasında ikinci yerdə ötən ilin payızında debüt etmiş beşinci nəsil “Toyota Prius”, üçüncü yerdə isə Amerika brendi “Jeep Avenger” qərarlaşıb.
Ən yaxşı “brend dizayn” kateqoriyasında isə “Ferrari”dən başqa “Kia” və “Hyundai” də mükafatlandırılıb.
İqbal Rzayev,
KONKRET.az