Azərbaycana idxal olunan minik avtomobillərinin strukturunda dəyişiklik müşahidə olunur. Artıq ölkəyə gətirilən avtomobillərin yarısını hibrid və plagin-hibrid modellər təşkil edir. Rəsmi məlumatlara görə, bu növ avtomobillərin idxalı son dövrdə iki dəfədən çox artıb.
Bu artım ölkənin yanacaq bazarına və ekoloji vəziyyətinə necə təsir göstərəcək?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, ölkəyə gətirilən hibrid və plagin-hibrid avtomobillərin əsas üstünlüyü onların yanacaq sərfiyyatının qənaətcil olmasıdır:
“Bu maşınlar ilkin mərhələdə əlavə xərclər yaratmır və müəyyən müddət təmirə ehtiyac duymadan istismar oluna bilir. Lakin gələcəkdə servis xidmətlərinin keyfiyyəti, ehtiyat hissələrinin əlçatanlığı və ümumi istifadə imkanları bu avtomobillərin geniş yayılmasında mühüm rol oynayacaq. Əgər ehtiyat hissələrinin gətirilməsi və servis xidmətləri rahat, münasib qiymətlərlə təmin olunarsa, vətəndaşlar bu texnologiyadan məmnuniyyətlə istifadə edəcəklər. Əks halda, maraq azalacaq və problemlər qalmaqda davam edəcək”.
Ekspert qeyd edib ki, ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi həm şəhərlərdə hava çirkliliyinin azalmasına, həm də enerjidən səmərəli istifadəyə töhfə verə bilər:
“Dövlətin bu sahədə güzəştlər və dəstək mexanizmləri tətbiq etməsi hibrid avtomobillərin daha çox yayılmasına imkan yaradacaq. Belə nəqliyyat vasitələrinin sayının artması yol infrastrukturuna və ümumi nəqliyyat sisteminə də müsbət təsir göstərə bilər”.