“Azərbaycan hökuməti biznes qurumlarının ərkəsöyün obrazını yaradıb. Ölkədə qanunları tanımayan və əməl etməyən çoxsaylı biznes qurumları fəaliyyət göstərir. Bunun da səbəblərindən biri “İstehlakçılar haqqında” 1995-ci ildə qəbul edilmiş qanunun zəif olması və ən əsası da istehlakçıların hüquqlarını qoruyan təşkilatın, yəni İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin demək olar ki, fəaliyyətsizliyidir”.
Bu fikirləri KONRET.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakı şəhər sakini Səməd Şamil oğlu Ağayev tərəfindən redaksiyamıza ünvanlanan müraciətə münasibət bildirərkən səsləndirib. S.Ağayevin istehlakçı hüquqlarının qorunması ilə əlaqədar yazdığı şikayət məktubunu olduğu kimi təqim edirik:
“22.06.2023-cü il tarixdə 28 May Füzuli küçəsi, 79 ünvanda yerləşən “BYSTORE” mağazasından “DYSON AİRWAP COMPLETE LONG ORANGE GIFT” markalı saç fenini qayınanam Cəfərquliyeva Mehriban 1489 manat ödəyərək satın alıb. Məhsula birillik yazılı zəmanət talonu verilib və bildirilib ki, məhsulla bağlı hər hansı problem olarsa istehsalçı Türkiyə şirkəti ikiillik əlavə zəmanət verir. 04.07.2023-cü il tarixində həyat yoldaşım Ağayeva İnci bir neçə dəqiqə istifadə etdikdən sonra fen anidən dayandı. Həmin tarixdə zəmanət talonu və satış zamanı təqdim olunan çeklə (Məhsula verilən kassa çekinin saxta, adi kağız parçası olduğunu sonradan bildim – S.A) birlikdə feni həyat yoldaşım Ağayeva İnci mağazaya aparıb və mövcud vəziyyəti izah edib.
Məhsulun yeni qüsursuz fenlə dəyişdirilməsini və ya ödənilmiş 1489 azn məbləğin geri qaytarılmasını tələb etsə də, mağaza rəhbəri və satıcı bunun mağazanın daxili qaydalarına əsasən mümkünsüz olduğunu bildirib və əlavə edib ki, “Fenin yararsız hala düşməsi sizin səhviniz olduğu üçün yalnız xərcini özünüz ödədiyiniz təqdirdə təmir etdirib geri verə bilərik. Belə olan təqdirdə zəmanət qüvvədən düşmüş hesab olunur, bizim öz qaydalarımız var“. Həyat yoldaşım bu fikirlə razılaşmayıb və satışdan 14 gün keçmədiyinə görə bir daha pulu geri istəyib. Mağaza işçiləri isə məsələ ilə bağlı istənilən instansiyaya, hətta hüquq-mühafizə orqanlarına da müraciət edə biləcəyimizi xatırladıb, heç bir qurumdan çəkinmədiklərini deyiblər. Və elə həmin gün məndən feni, kassa çekini, zəmanət talonunu alıb məhsulu servisə göndərəcəklərini və bundan sonra hər hansı qərarın qəbul ediləcəyini bildirdilər.
İki saat ərzində mənə cavab olaraq dedilər ki, fen açılan zaman içərisindən saç qalıqları və kəpək çıxıb və bu səbəbdən fenin matoru yanıb. Sözsüz ki, mən bu fikirlə razılaşmayıb, ilk istifadədən bu qədər saç qalıqlarının olmasının mümkünsüzlüyünü və ailədə heç kimin saçında kəpək olmadığını bildirdim. Lakin bu halda da mağaza işçiləri məhsulun dəyişdirilməsindən və ya ödənişin geri qaytarılmasından imtina etdilər. Mənə məlum oldu ki, bizə işlənmiş, köhnə fen satılıb”.
“BYSTORE” mağazası tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulan S.Ağayev media vasitəsilə aidiyyəti qurumlardan probleminin araşdırılmasını və aradan qaldırılmasını xahiş edir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi də problemin, hətta mağazanın fəaliyyətinin ciddi şəkildə araşdırılmasına ehtiyac duyulduğunu sübut edir. Belə ki, özünü Orxan kimi təqdim edən işçisi əməkdaşımıza “Biz sizə niyə məlumat verməliyik? Medianın bu işə nə dəxli var? Sizin işiniz başqa şeydir, onunla məşğul olun! Siz müştərinin dayısı oğlu, xalası, bibisi qızı, ailə üzvü deyilsiniz ki, mən sizə bir məlumat verim”, – cavabını verib.
Bu yanaşma deməyə əsas verir ki, sözügedən mağaza fəaliyyətini özbaşınalıq və qanunsuzluq üzərində qurub. Odur ki, fəaliyyəti ilə bağlı aidiyyəti qurumlar tərəfindən ciddi ölçü götürülməlidir.
AİB sədri Eyyub Hüseynov da hesab edir ki, hazırda ölkədə qanunları tanımayan çoxsaylı biznes qurumları var: “Birliyimizə hər gün bunabənzər 6-7 müraciət daxil olur. Belə hallarda biz problemi danışıq yolu ilə həll edə bilməyəndə istehlakçıların hüquqlarını qoruyan təşkilata, yəni İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlayırıq. Onlar şikayət olunan yerə bir məktub yazır. Qarşı tərəf də yalan bir cavab yazır və İqtisadiyyat Nazirliyi onun surətinin birini mənə, birini də istehlakçıya göndərir. Son sözü də bu olur ki, istehlakçı haqsızdır və istəsə, məhkəməyə müraciət edə bilər. Biz İqtisadiyyat Nazirliyinin belə fəaliyyətindən narazıyıq və bu neçə illər ərzində normal bir yoxlama və ekspertiza apardığının şahidi olmamışıq. Üstəlik, həmin müştəriyə saxta kassa çeki verilib və bu da nazirlik tərəfindən ciddi araşdırılmalıdır. Aydındır ki, bu, dövlət büdcəsindən oğurluqdur. Təəssüflər olsun ki, nazirlik ona da əhəmiyyət vermir”.
Ekspert kütləvi informasiya vasitələrinin (KİV) köməyi ilə bu məsələnin həll ediləcəyinə ümidvar olduğunu da dilə gətirib: “Bizə daxil olan şikayətlərin 80 faizini danışıq yolu ilə həll edirik. Belə olmayanda ya İqtisadiyyat Nazirliyinə, ya da KİV-ə göndəririk. Əksər hallarda KİV və jurnalistlər İqtisadiyyat Nazirliyindən çox-çox yaxşı iş aparır və istehlakçıların hüquqlarının qorunmasına nail oluruq”.
Sevinc Paşayeva,
KONKRET.az