Türkiyəli məşhur seysmoloq Naci Görür Çanaqqalanın zəlzələyə davamlı şəhər olmadığını və bölgənin ciddi təhlükə altında olduğunu bildirib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, o, bu barədə Çanaqqala Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən “Çanaqqalanın Zəlzələyə Davamlılığı” adlı konfransda çıxışı zamanı danışıb.
“Çanaqqala zəlzələyə davamlı şəhər deyil. Onun yerləşdiyi ərazi seysmik cəhətdən aktivdir. Özünüzü aldatmayın. Buradakı hər bir qırılma xətti 7 və daha çox bal gücündə zəlzələyə səbəb ola bilər”, – deyə Görür bildirib.
O əlavə edib ki, Çanaqqalanın möhkəm yerləri şimal və cənubdakı dağlıq ərazilərdir. “Şimali Anadolu və Marmara bölgələrində zəlzələ gözlənilir. Siz bu iki aktiv qırılma xəttinin ortasında, üstəlik seysmik baxımdan riskli ərazidə yerləşirsiniz”, – deyə seysmoloq xəbərdarlıq edib.