Bu gün vəzifə borclarını yerinə yetirərkən şəhadətə yüksələn iki telereportyorun – Milli Qəhrəman Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür.
KONKRET.az xəbər verir ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. Həmçinin cəbhədə bir əsgər, zabit və hətta komandan kimi vəzifələri öz üzərinə götürüb.
Çingiz Mustafayev Azərbaycanda reportajları ilə məşhur olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Şəhid telejurnalistin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bildi.
1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.
O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Onun Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi.
Əslən Qubadlıdan olan və məcburi köçkün həyatı yaşayan Sirac üçün bu təkcə peşə borcu yox, həm də şəxsi qürur məsələsi idi.
O, məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə bu ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub.
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə S.Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.
Allah rəhmət etsin!