Bu gün 40 gündür ki, cismən aramızda yoxsan, şəhidim! Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək, şanlı tarix yazdın! Özünü Azərbaycanın adını bütövləşdirən, qürurumuzu dirçəldən, ordumuzu müzəffər edən minlərlə Vətən oğlunun adı ilə birgə əbədiləşdirdin. Ləyaqətinlə, şərəfinlə, şücaətinlə könüllərdə əbədi taxt qurdun. Xatirən qəlbimizdə daim yaşayacaq!
Arayış: Nəcəf Şikarov 24 yanvar 1985-ci ildə Şamaxı rayonunda anadan olub. 1992-99-cu illərdə Bakı şəhəri Xətai rayonu 24 saylı orta məktbədə oxuyub. 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2002-2006-ci illərdə Heydər Əliyev adına azərbaycan ali hərbi məktəbində motoatici ixtisası üzrə oxuyub.
2006-2007-ci illərdə silahlı qüvvələrin təlim və tədris mərkəzində dinləyici olub.
2007-ci ildə Müdafiə nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilib.
08.10.2020-ci il tarixindən əlahiddə hücum taborunun qərargah rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. 02.11.2020-ci ildə yaralanıb. Yenidən döyüş mövqeyinə qayıdıb. 09.11.2020-ci ildə Xocavənd-Laçın döyüşlərində düşmənin bir neçə ağır texnikasını məhv edərək, erməni postunu ələ keçirib, erməni postunda düşmənlə əlbəyaxa döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Nəcəf Şikarov İkinci Fəxri Xiyabanda dəfn edilib.
Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
KONKRET.az kollektivi şəhidimizin xatirəsini hörmətlə anır, ailəsinə və yaxınlarına dərin ehtiramını bildirir.
ALLAH RƏHMƏT ELƏSİN!