Bu hərbçilər sərt cəzalandırıla bilər: “Artıq zəruri addımlar atılmaqdadır”backend

Bu hərbçilər sərt cəzalandırıla bilər: "Artıq zəruri addımlar atılmaqdadır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-videogörüntüləri paylaşması aşkar ediləndən sonra onlardan bəziləri Müdafiə Nazirliyi (MN) rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb. Lakin MN gələcəkdə bu kimi neqativ halların qarşısını əvvəlcədən almaq məqsədilə, yəni qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlayıb və təqdim edib. Bəs bu addımların qarşısı necə alına bilər və bunun üçün hansı mümkün cəza tədbirləri realdır?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə KONKRET.az-a açıqlamasında hərbçi peşəsinin şərəfli olduğu qədər, həm də məsuliyyətli olduğunu deyib:

“Təsadüfi deyil ki, Azərbaycanda bu peşənin böyük nüfuzu var və gənclərimiz hərbçi olmağa böyük üstünlük verir, hərbi forma geyinməyə can atırlar. Ancaq bu peşə şərəfli və məsuliyyətli olduğu qədər, çətin və fəaliyyətində bir çox sərt tələblərin yerinə yetirilməsi vacib olan sahədir. Bunlardan biri də qulluq yerində smartfon telefonlarından istifadə edilməsinə qadağanın qoyulmasıdır.
Çox təəssüf ki, bəzi hərbçilərimiz, xüsusən də gənclər smartfon telefonlarından istifadə edir, şəkillər çəkərək sosial şəbəkələrdə yerləşdirir, eyni zamanda, hərbi sirr ola biləcək məlumatları yayırlar. Bu isə hərbi sirrin yayılmasına, hərbi xidmət keçilən obyektin koordinatlarının, həmçinin, istifadə edilən texnika və hərbi sursatın markasına qədər düşmən tərəfindən öyrənilməsinə gətirib çıxarır. Buna görə də smartfon telefonlarından hərbi xidmət yerlərində istifadə edilməsinə sərt qadağa var”.

Deputat təəssüflə əlavə edib ki, bəzi hərbçilər sözügedən qadağanı pozur, buna görə də hərbi xidmətdən xaric edilirlər: “Nəticədə də onların hərbi karyerasına son qoyulur. Onlar bunu çox ağrılı qəbul edirlər, ancaq bilmək lazımdır ki, hərbi xidmət həm şərəfdir, həm məsuliyyətdir, həm də tələbləri axırıncı nöqtəsinə qədər yerinə yetirmək çox vacibdir”.

Hərbi ekspert Azər Bayramov da KONKRET.az-a açıqlamasında məsələnin məsuliyyətindən danışıb:

“Azərbaycan Ordusunda smartfon tipli telefonların məhdudlaşdırılması ilə bağlı müdafiə nazirinin müvafiq əmri mövcuddur və bununla bağlı şəxsi heyətlə mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Ancaq çox təəssüflər olsun ki, bəzən bu məhdudiyyətə baxmayaraq, smartfon tipli telefonlardan istifadə edən hərbçilərimizə rast gəlinir. Təbii ki, aşkarlanan belə neqativ hallara qarşı da tədbirlər görülür.

Bir vacib məsələni unutmamalıyıq ki, hazırda cari vəziyyətdə, yəni müasir dövrün və texnologiyaların tələblərinə baxdığımız zaman smartfon tipli telefonlar hərbçilərimizin həyatı üçün ciddi şəkildə təhdid yaradır. Nümunə olaraq deyə bilərik ki, Rusiya – Ukrayna müharibəsində Rusiya əsgərlərinin yerləşdiyi yataqxana məhz smartfon tipli telefonun istifadəsi nəticəsində aşkarlanaraq vurulmuşdu və orada 100-ə yaxın hərbçi həyatını itirmişdi. Rusiya Müdafiə Nazirliyinin rəsmiləri də bunu təsdiqləmişdi. Bu, bir daha onu göstərir ki, smartfon tipli telefonlardan istifadə, video-foto çəkilib paylaşılması birbaşa olaraq hərbçilərimizin həyatına təhlükə yaradır və bilməyərəkdən bu informasiyaların sosial şəbəkələrdə yayılması düşmən tərəfinə əlavə məlumat vermiş olur. Əlbəttə ki, belə hallar da mütləq şəkildə cəzasız qalmamalıdır”.

Bayramov əlavə edib ki, bununla bağlı yetərincə mübarizə aparılır: “Hazırda yeni təkliflərin verilməsi, smartfon tipli telefonların işlədilməsi ilə bağlı daha sərt tədbirlərin görülməsi üçün əlavə müraciət olunub. Hesab edirəm ki, bu günə qədər belə neqativ hallar aşkarlananda, müəyyən xəbərdarlıqlar edilib və ya cəza tədbirləri görülürdüsə, eyni zamanda, ordudan uzaqlaşdırmağa qədər bu proses gedirdisə, artıq gələcəkdə belə neqativ hallara qarşı, yaratdığı fəsadların ağırlıq dərəcəsinə uyğun olaraq, cəza tədbiləri cinayət məsuliyyətinə qədər gedib çıxa bilər. Xüsusi vurğulayım ki, hər şeydən əvvəl smartfon tipli telefonlar hərbçilərimizin həyatı üçün təhlükə yaradır. Ona görə də qoyulmuş qaydalara və qanunlara riayət edərək gələcəkdə belə neqativ halların bir daha baş verməməsi üçün zəruri addımlar atılmaqdadır”.

Mərahim Nəsib,

KONKRET.az

  • Elnur
    Oktyabr 22, 2023 - 08:04

    Besbiz yasamayaq?hansisa ograc canli acir deye hansisa pidir erazinin seklini qlyur deye poxu isletmeyek biz

    • Elçin
      Oktyabr 25, 2023 - 17:17

      Bunların başı qaçıb smartfon telefona əyər qadağa gəlsə opşi hamıdan ləğv edilsə heçkimə icazə verməsələr formanı tulluyub ərzəmi yazıb çıxaram söhbət telefonnan getmir söhbət hərbiçinin yaşayışın əlinnən almısız çöl üzü görmür ailəsində uzağ olur indidə telefonu almağ üji ağ olar bu.!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*