İstanbulda “Özbəkistan – Türkmənistan – İran – Türkiyə” multimodal nəqliyyat dəhlizinin iştirakçısı olan ölkələrin dəmir yolu administrasiyaları nümayəndələrinin ilk iclası keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Özbəkistan Dəmir Yolları”nın rəsmi saytında məlumat verilib.
Əsas müzakirə mövzusu dəmir yolunda rəqabətədavamlı tariflərin tətbiqi və marşrut boyu daşımaların həcminin artırılması olub. Tərəflər belə qənaətə gəliblər ki, bu iki amil bir-biri ilə əlaqəli olduğundan, daşıma tariflərinin aşağı salınması malların və yüklərin daşınmasının həcminin artmasına kömək edəcək.
İclasın yekununda dəhlizin iştirakçısı olan ölkələrin dəmir yolu administrasiyaları arasında müvafiq protokol imzalanıb.
Protokol İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin nəqliyyat nazirlərinin bu ilin noyabrında keçirilmiş 12-ci iclası çərçivəsində imzalanıb.
Qeyd edək ki, “Özbəkistan – Türkmənistan – İran – Türkiyə” nəqliyyat dəhlizi region ölkələri arasında nəqliyyat infrastrukturunun və ticarət əlaqələrinin inkişafında mühüm element hesab olunur. Bu multimodal marşrutun inkişafının iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və ticarət potensialının genişləndirilməsinə kömək edəcəyi planlaşdırılır.
Natiq Səlim,
KONKRET.az