Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb.
Bildirilib ki, ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5 dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə¬sin¬də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək¬lə DİM-in mü¬va¬fiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.
KONKRET.az xəbər verir ki, modern.az-a danışan elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, elektron ərizə qəbulu daha çox əvvəlki illərin məzunları üçün vacibdir:
“Çünki onlar qeydiyyatdan keçməsələr ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməyəcəklər. Onlar əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanının birinci mərhələsi imtahanına qatıla bilməyəcəklər”.
O qeyd edib ki, bu ilki müraciət sayı ötən illə eyni olacaq:
“Bəlkə bu say 1000-2000 nəfər daha artıq da ola bilər. Təqribən 100 minə qədər müraciət gözləntimiz var. Plan yerlərinə gəldikdə isə, bakalavr və magistratura pillələri üçün 80 minə yaxın plan yeri nəzərdə tutulur. Bunlardan 60-65 minə yaxını məhz bakalavr pilləsini əhatə edəcək. Abituriyentlər qəbul imtahanının birinci mərhələsi olan buraxılış imtahanından və blok imtahanından uğurlu nəticə əldə edərlərsə, rahatlıqla qəbul ola bilərlər”.
Ekspertin sözlərinə görə, bəzi ixtisaslarda balların artması gözlənilə bilər:
“İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, hüquq, dövlət və ictimai münasibətlər ixtisaslarında müəyyən qədər artım gözlənilir”.