“Havaların istiləşməsi ilə əlaqədar olaraq qida məhsullarının, xüsusilə də meyvə və tərəvəzlərin satışı və saxlanması zamanı bir sıra problemlər meydana çıxır. Bu məsələlər illərdir ki, həm satıcıların, həm də alıcıların narazılığına səbəb olur. Ən vacib məqamlardan biri məhsulların düzgün şəkildə saxlanılması və müştəriyə təqdim olunmasıdır. İsti hava şəraitində meyvə və tərəvəzlərin satışının təşkilində soyutma sistemlərinin olması əsas şərtlərdən biridir. Soyuq qida zənciri qırılmamalıdır. Xüsusilə də mövsümdə olmayan, istixana şəraitində yetişdirilən və gübrələrlə böyüdülən məhsulların daşınması və saxlanması ciddi nəzarət tələb edir”.
Bu fikirləri Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Bu kimi məhsullar xüsusi şəraitdə saxlanılmalı və qablaşdırılmalıdır. Lakin təəssüf ki, çox vaxt meyvə-tərəvəzlər özünə uyğun olmayan qablaşdırmalarda, məsələn, göyərtilər selofan torbalarda, soyuducu sistemləri olmayan adi yük maşınlarında daşınır. Bu da isti havada məhsulların tez bir zamanda xarab olması ilə nəticələnir.
Satış məntəqələrində də vəziyyət qənaətbəxş deyil. Meyvə və tərəvəzlər kölgəsiz, birbaşa günəş şüaları altında satışa çıxarılır. Nəticədə onların rəngi dəyişir, qoxusu pozulur və xarici görünüşü keyfiyyətini itirir. Belə məhsullar alıcılarda haqlı narazılıq yaradır”.
Ekspertin sözlərinə görə, satışla məşğul olan şəxslərin əksəriyyəti sanitar-gigiyenik normalardan xəbərsizdir.
“Satıcıların özləri belə bu normalara əməl etmirlər. Bu isə həm məhsulun keyfiyyətinə, həm də insan sağlamlığına birbaşa təsir göstərir.
Problemlərin qarşısını almaq üçün satış və daşınma proseslərində mütləq şəkildə soyutma və havalandırma sistemləri tətbiq olunmalı, məhsullar uyğun şəraitdə saxlanmalı, satıcılar isə sanitar-gigiyenik qaydalarla bağlı maarifləndirilməlidir. Əks halda, nə məhsulun keyfiyyətindən, nə də müştəri məmnuniyyətindən danışmaq mümkün olacaq”.
Aynurə İsmayıl
KONKRET.az