Bu mənzillərin alışı ciddi risk daşıyır – “Dövlətdən kompensasiya gözləməyin”backend

Bu mənzillərin alışı ciddi risk daşıyır - “Dövlətdən kompensasiya gözləməyin”

Bir çox tikinti şirkəti binanın təməli atıldığı vaxtdan mənzillərin satışına başlayır. Vətəndaşlar arasında da belə mənzillərin alışına tələbat xeyli çoxdur. Çünki adətən, MTK-lar inşaat prosesində olan mənzillərin satışını daxili və faizsiz kreditlə təklif edir. Bu, ipoteka və hazır satışda olan mənzillərin qiyməti ilə müqayisədə xeyli sərfəli başa gəlir. Lakin risklər də mövcuddur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da təsdiqləyir ki, maddi baxımdan sərfəli olduğu üçün vətəndaşların bir çoxu bu varianta üstülük verir:

“MTK-lar isə bu vasitədən sadəcə inşa etdiyi binada mənzilləri daha tez satmaq və vəsaiti daha tez götürmək məqsədi ilə istifadə edirlər. Risk məsələsinə gəlincə, o, iqtisadiyyatın bütün sahələrində var.

Ötən illərdə baş verən proseslər bunu göstərir ki, Azərbaycan bazarında risklər təkcə iqtisadi faktorlarla deyil, inzibati faktorlarla bağlıdır. Bu mənada təbii ki, ən təhlükəli maddi riskdir. Çünki binanın inşasının yarımçıq qalma ehtimalı var. Həm də hüquqi risk ehtimalı nəzərə alınmalıdır.

İnşası yarımçıq qalmış binada faktiki olaraq, qeydiyyat işləri aparıla bilmədiyindən tikinti şirkətinin rəhbəri vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtarır. Bu yollardan biri də satılmış mənzilləri yenidən satmaq, müəyyən qədər vəsait toplamaq və bu vəsait hesabına vəziyyətdən çıxmağa çalışmaqdır. Bu da bir sıra halda nəticəyə başqa formada təsir göstərir. İndiki halda həmin mexanizmlər işlək olsa da, vətəndaşların bu cür risklərdən xəbərdar olmasına ehtiyac var”.

Ekspert qeyd edib ki, bu cür işlərdə məhkəmə prosesi illərlə uzana bilər:

“Bu vəziyyətdə dövlətdən kompensasiya gözlənilmir. Artıq mübahisənin həllinə güvənməkdən başqa çarə qalmır. Əgər sahibkarın, yəni tikinti şirkətinin rəhbərinin əmlakı, kənar kapitalı varsa, maddi itki onların hesabına ödənilir. Yoxdursa, məhkəmə qərar qəbul etsə belə, problem illərlə uzanır.

Məhkəmə MTK rəhbərlərinin həbsinə qədər gedib çıxır. Amma bəzi hallarda problem elə problem olaraq da qalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*