“Son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsində böyük artım olub”.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
Onun sözlərinə görə, “Üzv ölkələr arasında ticarət 2022-ci ildə 33 milyard dollar, 2023-cü ildə isə 42 milyard dollara yüksəlib. Bu, üzv ölkələrimizin dünyaya ümumi ixracatının kiçik bir hissəsini təşkil edir”.
Nazir vurğulayıb ki, Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildən üzü bəri ilbəil güclənir, formalaşır və həmrəyliyini artırır: “Gücümüzü nə qədər birləşdirsək, həmrəyliyimizi artırsaq, dünya arenasında bir o qədər təsirli olacağıq. Birliyimiz gücümüzdür. Bu prinsipi unutmaq olmaz.
Ömər Bolat 2021-ci ildə İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında “Türk Dünyası 2040 Baxış Sənədi”nin irəli sürüldüyünü bildirib. Bu sənəddə bir çox sahələr arasında maliyyə müstəqilliyi, xarici valyuta istifadəsinin azaldılması, yerli valyuta ilə ticarət istehsalının artırılması və inteqrasiya olunmuş ticarət infrastrukturunun inkişafı kimi mühüm hədəflərin qarşıya qoyulduğunu vurğulayıb.
“61 ildir arzumuz olan, artıq istehsal etdiyimiz “Togg” elektrik avtomobilinin istehsalına təşkilata üzv ölkələrdən ciddi maraq və tələbat artır. Bu isə bizi sevindirir”, – deyə o bildirib.
Natiq Səlim,
KONKRET.az