Argentina Prezidenti Xavyer Mileyin kortejinə daş və butulka atılıb, nəticədə dövlət başçısı təhlükəsizlik qüvvələri tərəfindən təcili təxliyə edilib.
KONKRET.az “Report”-a istinadən xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Hadisə Miley üstü açıq limuzinlə Buenos-Ayres əyalətinin Lomas de Zamora şəhərinin küçələri ilə hərəkət edərkən baş verib.
Prezident bacısı Karina ilə birlikdə hakim partiyadan parlament deputatlığına namizədin seçki kampaniyası aparmaq üçün oraya gəlib. Mileyin siyasətindən narazı qalan yerli sakinlər onun avtomobilinə daş və butulka atmağa başlayıblar. Daşlardan biri prezidentin başından bir neçə santimetr yan keçib.
Bundan əlavə, küçədə Mileyin əleyhdarları ilə tərəfdarları arasında toqquşmalar başlayıb. Təhlükəsizlik əməkdaşları dövlət başçısını təcili aparmağa məcbur olublar.
Mileyin sözçüsü Manuel Adorni iğtişaşlarda müxalifəti, xüsusən də keçmiş prezident Kristina Fernandez de Kirşner tərəfdarlarını günahlandırıb və bildirib ki, “kirşnerizm” mövcudluğuna son qoyulmalıdır.