Bir sıra inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, işə başlama və işin başa çatma saatlarının, xüsusən də sektorlar üzrə fərqləndirilməsi tıxacların azaldılmasında effektiv alətlərdən biridir. Bəs, Azərbaycanda fərqli iş saatları tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda da bu məsələ uzun müddətdir müzakirə olunur:
“Belə qrafiki ancaq dövlət sektorunda tətbiq etmək daha rahat və mümkündür. Çünki Azərbaycanda muzdla çalışanların yarısı büdcədən maliyyələşir. Nazirliklərdə, dövlət idarələrində və şirkətlərində bu addımı atmaq asandır. Amma kommersiya və özəl sektorda bunu həyata keçirmək çətindir. Məsələn, kafe və restoranlarda səhər yeməyi xidmətləri olur, ona görə də, onları saat 11-də işə başlamağa məcbur etmək mümkün deyil”.
Ekspertin sözlərinə görə, fərqli iş saatlarının tətbiqi xüsusən paytaxtda nəqliyyat yükünü azaltmaq baxımından faydalı ola bilər:
“9 minə yaxın büdcə təşkilatında iş qrafikini dəyişmək mümkündür. Düzdür, burada müəllimlər də var və məktəblərdə qrafik dəyişikliyi müəyyən çətinliklər yaradar. Amma yarım saatlıq fərqlərlə məktəblərin dərsə başlaması mümkündür. Məsələn, bir məktəb saat 08:00-da, digəri 08:30-da, daha uzaqdakı isə 09:00-da fəaliyyətə başlaya bilər”.
Natiq Cəfərli əlavə edib ki, Nazirliklər, Azəriqaz, Azərsu, Azərişıq və digər dövlət qurumlarında iş saatlarının yarım və ya bir saat gec başlayıb-sona çatması iqtisadiyyata ciddi təsir göstərməyəcək, əksinə, tıxacların azalmasına kömək edəcək.
Aynurə İsmayıl
KONKRET.az