ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərini Rusiyadan neft almamağa çağırıb. Bəs, Avropa ölkələrinin Rusiyadan neft idxalını dayandırması Azərbaycanın enerji siyasətinə necə təsir göstərə bilər? Bu vəziyyət Azərbaycanın neft ixrac strategiyasını dəyişdirməsinə səbəb ola bilərmi?
Mövzunu KONKRET.az-a politoloq Züriyə Qarayeva şərh edib:
“Donald Trampın avropalı müttəfiqləri Rusiyadan neft almamağa çağırması enerji bazarında strateji dəyişikliklərə yol aça bilər. Bu vəziyyət Azərbaycanın enerji siyasətinə də təsirsiz ötüşməz. Əgər Avropa ölkələri Rusiyadan neft idxalını azaldarsa, alternativ mənbələrə tələbat artacaq və Azərbaycan üçün yeni imkanlar yarana bilər. Bakı uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır və BTC boru kəməri ilə yanaşı Cənub Qaz Dəhlizi bu rolu möhkəmləndirir. Bu səbəbdən Azərbaycan Avropaya ixracını artırmaq və bazarda mövqelərini gücləndirmək şansı qazana bilər. Bununla yanaşı, hasilat həcmlərinin məhdudluğu və qlobal bazarda digər istehsalçıların da Avropa üçün rəqabət aparması Azərbaycanın qarşısında müəyyən risklər qoyur. Bu şəraitdə Bakı balanslaşdırılmış siyasət yürütməyə məcbur olacaq və ixrac strategiyasını həm Avropada mövqelərin gücləndirilməsi, həm də Asiya bazarlarına çıxış istiqamətində diversifikasiya etməyə çalışacaq. Nəticədə Azərbaycanın ixrac siyasətində kəskin dönüş olmasa da, Avropa istiqamətinə diqqətin daha da artırılması və infrastruktur imkanlarının genişləndirilməsi qaçılmaz görünür”.
Müşviq Tofiqoğlu
KONKRET.az