“Bu sistemin tətbiqinə qədər ali məktəblərə qəbulda qohumbazlıq və korrupsiya tüğyan edirdi” – DİM SƏDRİbackend

“Bu sistemin tətbiqinə qədər ali məktəblərə qəbulda qohumbazlıq və korrupsiya tüğyan edirdi” – DİM SƏDRİ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən mövcud imtahan və qəbul sistemi ilə əlaqədar son illər cəmiyyətdə ən çox səsləndirilən suallara “Facebook” səhifəsi vasitəsilə aydınlıq gətirilir.

KONKRET.az xəbər verir ki, istifadəçilər öz fikirlərini müvafiq postun şərh bölməsinə yazaraq müzakirə prosesinə qoşula bilirlər. Növbəti mövzular Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən “Facebook”da paylaşılıb və suallar cavablandırılıb:

– Test imtahanları repetitorluğun artmasına səbəb olurmu?

– Nə qədər qəribə səslənsə də, bu da qlobal tendensiyadır. Araşdırmalar göstərir ki, bütün dünyada valideynlər tərəfindən təhsilin əhəmiyyətinin dərk olunması səviyyəsi artmaqdadır. Bunun əsas səbəblərindən biri təhsilin keyfiyyəti və aktual ixtisas kimi amillərin sosial rifahın təmin olunması baxımından digər amilləri üstələməsidir. Bu hal keyfiyyətli təhsil verən müəssisələr və aktual ixtisaslar uğrunda rəqabətin artmasına səbəb olur. Ölkəmizdə də ali təhsilin bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olması və obyektiv qiymətləndirmə və seçmənin həyata keçirilməsi bu sahədə rəqabəti artırır. Valideynlər öz övladlarının bu yarışda önə çıxmasını təmin etmək üçün onları əlavə məşğələlərə yazdırır və ya fərdi repetitor xidmətindən istifadə edirlər. Qeyd olunduğu kimi, bu sadəcə ölkəmizə xas olan tendensiya deyil, əksinə bütün dünyada gedən proseslərlə üst-üstə düşür. Belə ki, bu sahədə beynəlxalq miqyasda aparılan ən son araşdırmaya əsasən dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7.1% böyüməsi ehtimal olunur. Bunun əsas səbəbi rəqabətlə yanaşı şagirdlərin özlərinə fərdi yanaşma tələb etməsidir. O da qeyd olunmalıdır ki, bu tendensiya onlayn repetitor xidmətlərinin də artmasına səbəb olur.

Məleykə Abbaszadə imtahanların vaxtını açıqlayıb

– Universitetlər öz tələbələrini özləri seçsə, daha yaxşı olmazmı?

– Bu arqumenti gətirənlər ölkəmizdə mərkəzləşmiş qəbul sisteminin tətbiqinin əsas səbəblərini unudurlar. Belə ki, bu sistem tətbiq olunana qədər ali məktəblərə qəbul sistemində subyektivlik, o cümlədən qohumbazlıq, favoritizm və digər növ bariz korrupsiya hallarının tüğyan etməsi heç kimə sirr deyildi. Qeyd olunan neqativ hallarla yanaşı, sistemin mahiyyətindən irəli gələn vahid standart və meyarların olmaması da qeyri-obyektiv qiymətləndirməyə və nəticə etibarı ilə ədalətsizliklərə səbəb olurdu. Nəzərə alınmalıdır ki, istənilən cəmiyyətdə asan yolla öz istəklərinə nail olmağa çalışan insanlar sistemdəki boşluqları sürətlə müəyyən edir və ondan yararlanırlar. Bu cür boşluqları olan sistemdə cəmi bir neçə pis niyyətli şəxsin olması kifayətdir ki, bütün akademik ictimaiyyətin etibarını şübhə altına qoysun və vətəndaşların dövlətə olan inamını zədələsin. İnsan faktorunun təsirini minimuma endirən, aydın standartlara əsaslanan avtomatlaşdırılmış şəffaf qiymətləndirmə və seçmə sistemi qeyd olunan neqativ halları demək olar ki, tamamilə ortadan qaldırdı. Ümumiyyətlə təcrübə göstərir ki, yaxşı planlaşdırılmış mərkəzləşmiş sistemlərin tətbiqi yerlərdə korrupsiyanın qarşısını almaq və vahid xidmət standartların tətbiqi baxımından səmərəli yanaşmadır. Buna ən uğurlu nümunələrdən biri kimi ASAN Xidməti göstərmək olar. İlk baxışdan bir-birindən tamamilə fərqli olan orqanların üst-üstə düşən funksiyalarının bir xidmət çərçivəsində birləşdirilməsi xidmət səviyyəsinin ciddi şəkildə yüksəlməsinə səbəb oldu. Burada həm ideyanın mükəmməlliyini həm də effektiv keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqini qeyd etmək lazımdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

  • Garachanta
    Aprel 18, 2021 - 09:39

    Məleykə x özünü bu “imtahan sisteminin” məlekəsi hesab edir. 1. Bu sistem Rəhmətlik Elçibəy tərəfindən qurulub. 2. Sistem mükəmməl deyil – məsələn birinci qrup abituriyentlərinin imtahan-fənn tərkibinə baxaq: ana dili, xarici dil, riyaziyyat, fizika, kimya. Bu qrup üzrə optimal fənn tərkibi belə olmalı idi ana dili, riyaziyyat, fizika. Hər halda biz də mütəxəssis olaraq Türkiyə, Avropa, Asiya, Amerika imtahan sistemlərini analiz etməyi bacarırlq və onların necə mükəmməl imtahan sistemlərini qurduqlarını görürük. Həm keçmiş SSRİ-nin həm də digər ölkələrin imtahan sistemləri (təhsil və imtahan sistemləri əsasən Almaniyadan transfer olunub) riyaziyyat və dil üzərində qurulub. Nahaq yerə R.T. Ərdoğanın yanında (bir neçə il bundan qabaq) riyaziyyat elminə həsr olunmuş xüsusi iclas keçirilmişdir. Xülasə Azərbaycan DİM özünü bu sahədə bəlkə peşəkar görür. Amma və Xeyr. DİM-nin qruplar üzrə keçirdiyi imtahanların fənn tərkibi ŞİŞİRDİLİB, 4-5 qrupa bölünmə YANLIŞDIR, abityriyentlərin seçəcəyi İXTİSASA uyğun deyil, ümumi PSİXOZ mühiti yaradır, daxil olacağı universitetə YORĞUN gedir.
    Bu sistem MÜTLƏQ təkmilləşdirilməlidir.
    KEYFİYYƏT MƏKTƏBDƏ və UNİVERSİTETLƏRDƏ TƏMİN EDİLMƏLİDİR.
    İMTAHAN SADƏCƏ HƏMİN KEYFİYYƏTİ RƏSMİLƏŞDİRMƏK PROSEDURASIDIR!!
    Məleykə x, nə bu imtahan sistemi nə də təhsil nazirliyinin apardığı təhsil siyasəti bizi gözləyən GLOBAL TEXNİKA VƏ TEXNOLOGİYALAR YARIŞININ NƏ İŞTİRAKÇISI NƏ DƏ QALİBİ ETMƏYƏCƏK.
    Biz artıq BİR NEÇƏ ÖLKƏDƏN 150 il geri qalırıq. Bu geriləmə getdikcə böyüyür.
    Millətimiz MÜASİR SİVİZASİYALAR YARIŞINI uduzub!!
    Heç olmasa GƏLƏCƏYİMİZ NAMİNƏ bir şeylər edin!!

  • Garachanta
    Aprel 18, 2021 - 09:50

    Məleykə x, lap yadımdan çıxmışdı…Universitetlərə Tələbəni Siz Seçirsinizsə Məsuliyyət Sizin Boynunuzdadır. Universitetlər Sizin Avtomatik Tələbə Seçim Sisteminin nəticələrini çoxdan yeyir və demək olar ki heç bir ÜMİD yoxdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*