Avqustun 19-da Yer kürəsini bu ayın ikinci maqnit qasırğası vuracaq.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Orta gücdə olacağı bildirilən qasırğa 1-2 gün davam edəcək. Səbəb Günəşdə yarım milyon kilometr ölçüsündə tac dəliyinin yaranmasıdır.
Günəş küləyinin sürətinin saniyədə 800-900 km-ə qədər artacağı, ən güclü təsirin isə çərşənbə axşamı hiss olunacağı gözlənilir.
Bu cür qasırğalar zəifdən güclüyə qədər müxtəlif səviyyələrdə olur. K-indeksi 5-dən yuxarı olan qasırğalar isə artıq insanlarda narahatlıq yarada bilər.
Maqnit qasırğası insanlara necə təsir edir?
Maqnit aktivliyi hər kəsə fərqli şəkildə təsir edə bilər. Lakin tez-tez rast gəlinən əlamətlər bunlardır:
Baş ağrısı və başgicəllənmə
Miqren və ürəkbulanma
Qan təzyiqində dəyişikliklər
Ümumi zəiflik və yuxululuq
Yuxusuzluq və tez yorulma
Konsentrasiya problemi və əsəbilik
Hisslərin artması, emosional dalğalanmalar
Xroniki xəstəliklərin kəskinləşməsi
Xüsusilə hava dəyişikliklərinə həssas insanlar, yaşlılar, hamilə qadınlar, uşaqlar və ürək-damar sistemi xəstəlikləri olanlar daha çox risk altındadır.
Özümüzü necə qoruyaq?
Həkimlər bu günlərdə aşağıdakı sadə, lakin effektiv tövsiyələri verir:
Gecə saat 23:00-dan gec olmayaraq yatmaq və 7-9 saatlıq keyfiyyətli yuxu
Nizamlı və balanslı qidalanma
Kifayət qədər su içmək
Qəhvə, enerji içkiləri, alkoqol və ağır yeməklərdən uzaq durmaq
Stress, mübahisə və güclü emosional gərginlikdən qaçmaq
Həm fiziki, həm psixoloji yüklənməni azaltmaq
Mütənasib fiziki aktivlik və təmiz havada gəzinti
Elektron cihazlardan və ekranlardan axşam saatlarında az istifadə
Xroniki xəstələr üçün təzyiq və ümumi sağlamlıq nəzarəti
Əgər vəziyyətiniz pisləşərsə, mütləq həkimə müraciət etmək tövsiyə olunur.