“Bu xalqın daha 30 il də gözləməyə səbri qalmayıb” – POLİTOLOQbackend

"Bu xalqın daha 30 il də gözləməyə səbri qalmayıb" - POLİTOLOQ

Mirzə Rəşad Bakuvi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hazırda dünyada müşahidə olunan və ciddi sosial-iqtisadi, humanitar sıxıntılar yaradan “COVID-19” qlobal pandemiya böhranına baxmayaraq, yenidən özünün intensiv müzakirə dövrünü yaşamaqdadır. 12-17 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətindən hərbi münaqişəyə başlama cəhdi, düşmənin yeni hərb ocaqları yaratmaq və beləliklə, havadarları vasitəsilə bölgəni barıt çəlləyinə döndərmək niyyətini ortaya qoydu.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin bu günədək keçirilən saysız-hesabsız təkbətək və birgə görüşlərində əsas məqsəd iki ölkə arasında yaranmış münaqişənin sülh yolu ilə aradan qaldırılmasına xidmət olsa da, heç bir nəticə hasil olmur. Proses demək olar dalana dirənib, Ermənistan tərəfi hələ də qeyri-konstruktiv mövqeyindən əl çəkə bilmir, öz işğalçılıq siyasətini davam etdirməkdədir. Belə olduğu halda, həm prezident İlham Əliyev, həm də bütövlükdə cəmiyyət səviyyəsində sözügedən təşkilata inam azalmaqdadır.

Artıq cəmiyyətdə bu qurumdan imtina etməyin vaxtının çatdığını söyləyənlər artmaqdadır. Məsələyə tamam fərqli yanaşıb, ümumiyyətlə, bu qurumun əvvəldən yaradılmasının səhv olduğunu iddia edən ekspertlər də az deyil.

Beynəlxalq münasibətlər üzrə siyasi ekspert Mirzə Rəşad Bakuvinin KONKRET.az-a danışdığı açıqlamalrı isə bu mənada çox maraqlıdır.

İllər öncə Qarabağ məsələsilə bağlı ATƏT-in Minsk Qrupunun yaradılmasının, əslində, Azərbaycana qarşı ilk məkrli plan olduğunu iddia edən siyasi ekspert bildirir ki, məsələyə məhz bu yanaşma,  “Dağlıq Qarabağ” adlı vilayətin mübahisəli bir ərazi kimi biz azərbaycanlılara qəbul etdirilməsilə nəticələnib: “Guya Azərbaycanın əzəli torpaqlarının bir hissəsi Ermənistanla mübahisə predmeti imiş və həmsədrlər də gəlməliymiş ki, bu mübahisəni, dava-dalaşı sülh yolu ilə yoluna qoysunlar. Süni şəkildə yaradılmış geopolitik fon bundan ibarət olub. Məsələnin ən həyasız tərəfi isə münaqişəyə qoyulan addır: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”.

Münaqişənin hiyləgərcə məhz bu şəkildə adlandırılaraq sanksiyalaşdırılması, baş verənləri Azərbaycanın daxili işi olmaqdan çıxarır, onu beynəlxalq müstəviyə qaldırır və öz məsələmizi özümüzün həll etməsinə geopolitik maraqlar fonunda hüquqi əngəllər yaradır. Ən dəhşətlisi isə odur ki, bu gün də Azəzbaycan Prezidenti, diplomatik korpus, parlament, bütün mediamız yanlış olaraq bizim əslində daxili məsələmiz olan sözügedən bu problem haqqında danışanda ilk cümlələri Konstitusiyamıza zidd olaraq məhz yuxarıda xatırlatdığımız şəkildə, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kimi qələmə verməyimizdir. Ona görə Konstitusiyamıza zidd deyirəm ki, Azərbaycanın Ana Yasasında Dağlıq Qarabağ adında ayrıca götürülmüş inzibati-ərazi vahidi və Dağlıq Qarabağ xalqı, əhalisi və ya icması barədə xüsusi bir maddə yoxdur.

Fikir verin, sanki bir dırnağın arasında iki münaqişə mövzusu var, elə bil Azərbaycanın rəsmi İrəvanla bir torpaq davası, Dağlıq Qarabağla başqa bir torpaq davası varmış təəssüratı yaradılır diplomatik müstəvidə. Bu, bizim cəmiyyətə sırınmış bir hiyləgərlikdir, məğlubiyyətin ipuclarıdır, sadəcə fərqinə varmırıq…”.

Qarabağ və digər torpaqlarımızın işğalının bizim daxili iç məsələmiz olduğunu vurğulayan Mirzə Rəşad Bakuvi münaqişənin ölkəmizin daxilində faktiki bir etnik qrupunun separatçı hərəkətlərinin nəticəsi olduğuna şübhə etmədiyinə əmindir. Onun sözlərinə görə, bu, separatizmin tam özüdür və bununla bağlı illər öncə xüsusi bir beynəlxalq sülh komissiyasının yaradılması və bizim o vaxtkı rəhbərlərin, dipkorpusun diplomatik təcrübəsizlikdənmi, yaxud geopolitik məcburiyyətdənmi, çarəsizlikdənmi, yaxud qorxaqlıqdanmı, bu komissiyanın işinə yaşıl işıq yandırması, əzəli torpaqlarımızın hansısa ölkə ilə mübahisəli torpaq statusu qazanmasına yol açıb:

“..Və bütün dünya da indi elə bilir ki, sən demə, Azərbaycanın Ermənistanla hansısa tarixi bir torpaq üstündə mübahisəsi var. Məhz bu yanlış mübahisələndirmə tələsi, hiyləsi indi biz azərbaycanlıları məcbur edir bütün dünya xalqlarına inandıraq ki, bəs bu torpaqlar, bütövlükdə Qarabağ, sən demə, erməninin yox, bizimdir! Biabırçılıqdır! Axı bu, belə deyil. Tarixə qısa ekskursiya etsək görərik ki, münaqişə Azərbaycan dövlətinin erməni olan vətəndaşlarının separatist hərəkətlərindən başqa bir şey deyildi!

Ermənilər Azərbaycan pasportu daşımaq istəmədilər və öz dövlətlərinə qarşı silah çəkdilər, separatizmə bulaşdılar. Bu münaqişənin adı budur! Vəssalam!”

Siyasi ekspert tam əmindir ki, ermənilər hələ o vaxt xaricdəki havadarları ilə birləşərək, xaincəsinə başımıza corab hörüblər, məsələni beynəlxalq səviyyədə mübahisələndirib, ATƏT-in Minsk Qrupunu qara yara kimi canımıza salıblar. O, hələ də barışa bilmir ki, niyə ölkəmizin o zamanı rəhbərliyi sadəlövhcəsinə bu prosesin “hərisini” verib, çünki o səbəbdəndir ki, 30 ildir boşuna danışıqlar aparılır o gümanla ki, xristian ABŞ, Rusiya və Fransa nə vaxtsa ölkəmiz üçün hansısa gözəgörünməz əlverişli geopolitik şərait formalaşdıracaq və biz gedib torpaqlarımızı ermənilərdən təmizləyəcəyik:

“Buna inam çox azdır. Münaqişə ilə bağlı 4 vacib qətnaməsi olan BMT TŞ-nin 5 daimi üzvündən üçü həm də ATƏT-in Minsk Qrupunun həmsədridir. Nə o qətnamələr yerinə yetirilib, nə də bu platforma vasitəsilə bir nailiyyətə nail olunub. İndi mənə maraqlıdır ki, yeni xarici işlər naziri Ceyhun Bayramov necə rahatlıqla deyə bilir ki, bəs problemin müharibə ilə həlli yoxdur, münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll olunmalıdır. Nazir sanki başqa çarəsi qalmayıbmış kimi, yenə BMT-dən, ATƏT-dən mədət umur. Başa düşürük ki, müharibə itkidir, dağıntıdır, xərcdir, dəngələrin yerindən oynamasıdır. Ancaq daha 30 il də gözləməyə səbri qalmayıb bu xalqın. Bu sülh nağıllarını eks-nazir Elmar Məmmədyarov da deyirdi. Indi bir 15 il də bu yastığı başımızın altına yeni nazir qoyacaq?!

Axı Azərbaycan xalqının taleyüklü problemini acı bağırsaq kimi bu qədər uzatmaq, oyun-oyuncağa, söz çəkçevirinə döndərmək hansı qüvvələrin marağındadır? Bu, nə dişsizlikdir?! Nə vaxta kimi xalqın milli vətənpərvərlik hisslərilə, heysiyyatıyla oynanılacaq?! Bu vətənpərvərlik hissi nə vaxta qədər qaldırılıb endiriləcək?

Məndə belə bir məyusedici təəssürat yaranıb ki, yeni xarici işlər naziri Ceyhun Bayramovla sanki proses yenidən sıfır nöqtəsindən başlamaqdadır”.

Mirzə Rəşad Bakuvi hesab edir ki, əzəli torpaqların işğal faktı ətrafında açılan bu söz oyunlarını yığışdırmaq lazımdır. Onun fikrincə, hansısa beynəlxalq təşkilatlara hesabat verirmiş kimi hər dəfə kimin atəşkəsi birinci pozması, kimin nə qədər güllə atması, nə qədər itki verməsi barədə informasiya manipulyasıyası çox zərərlidir:

“Nədir axı bu, “…yox, erməni tərəfi beş güllə atdı, yox Azərbaycan ordusu üç güllə atdı”, “…nə bilim, Ermənistan atəşkəsi birinci pozdu.. yox, Azərbaycan düşməni cavab atəşilə susdurdu” kimi bayağı, biraz da alçaldıcı, sanki “Kalkulyator Savaşı” aparırıq görüntüsü cəmiyyəti, xalqı qıcıqlandırır. Özümüzü dünyaya, dosta, düşmənə az güldürək, yetər daha! Belə hücum diplomatiyası olmur. Hamını artıq öz adıyla çağırmağın zamanıdır. İşğalçı düşməni də, onu durmadan silahlandıran, havadarlıq edəni də, bu işğal faktının qalmasında maraqlı olan bütün qüvvələri, güc mərkəzlərini öz adıyla çağırmağı bacarmalıyıq!”.

Siyasi ekspert kifayət qədər təcrübəli və daha çox diplomat olan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun açıqlamalarını misal çəkərək, artıq ATƏT-in Minsk Qrupundan imtina  edilməsini labüd sayır: “Keçmiş xarici işlər nazirimiz açıqlamalarında dönə-dönə təkrarlayır ki, ATƏT-in Minsk Qrupu o vaxt heç də məcburi şəkildə bu münaqişəyə əl qoymayıb, vaxtilə biz bunları çağırmışdıq ki, gəlin bizə kömək edin. Adam açıq deyir ki, biz onlardan asılı deyilik, bu “sülh komissiyasını” necə çağırmışıqsa, eləcə də imtina etməkdə sərbəstik. Günü bu gün onların ikili standartlara söykənən yalançı sülh oyunlarından imtina etməliyik.

Çünki 30 il kifayət etdi deyək ki, bu Minsk Qrupu torpaqlarımızın işğaldan azad edilməsi, erməni separatistlərindən təmizlənməsi üçün heç bir iş görə bilmədi. Çünki kimsə bir dəfə də olsun onlara demədi ki, ay böyük adamlar, bu, Azərbaycanın daxili məsələsidir, Dağlıq Qarabağ deyilən ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və oradakı qatı millətçi bir qrup etnik zəmində təmizləmə aparmaqla öz dövlətinə qarşı separatizmə qol qoyub, orada baş verənlər separatizmdir, hər hansı xalqın öz müqəddəratını həll etməsi məsələsi deyil. Çünki ermənilər bir dəfə öz müqəddəratlarını təyin edib Ermənistan adlı dövlət qurublar.

Bu dövlətin vətəndaşı olmaq istəyənlər buyurub həmin ölkəyə köçsünlər və arzularına orada  çatsınlar. Yoxsa, sən durub başqa bir ölkənin ərazisində özünə ikinci erməni dövləti qurmaq istəyirsənsə, bunun bir adı var: SEPARATIZM! ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın ermənilərə bu qədər canı yanırsa, qoy öz sərhədləri daxilində bunlara bir erməni dövləti düzəldib versinlər!

Bizim torpaqlarda ikinci erməni dövlətini qurmaq kimsəyə müvəffəq olmayacaq. Dövlət başçısı İlham Əliyev məsələ ilə bağlı bütün çıxışlarında bunu dəfələrlə vurğulayıb”.

Qarabağ məsələsilə bağlı ATƏT-in Minsk Qrupunun yaradılmasının səhv siyasət olduğunu başqa bir nümunə ilə əsaslandıran M.R.Bakuvi 90-cı illərdəki  Rusiya-Çeçenistan münaqişəsini misal çəkir: “Sual yaranır, çeçen xalqı vaxtilə öz müstəqilliyini qazanmaq üçün Rusiya ilə müharibə edərkən, nədən o zaman çeçenlərlə rusların bu torpaq davasını nizamlamaq məqsədilə belə bir komissiya yaradılmadı? Niyə ATƏT-in Minsk Qrupu kimi bir vasitəçiliyə gərək duyulmadı? Əksinə, Rusiya daha böyük hərbi güc tətbiq edərək, Çeçenistanın müstəqilliyi uğrunda mübarizə aparan xalq mücahidlərinin də adını “separatçı terrorçular” qoyaraq, ölkəsinin  “bütövlüyünə” olan təhdidi hərbi yolla önlədi. Rusiya ondan qopub özünə respublika düzəltmək istəyən çeçen xalqını müharibə yolu ilə durdurdu! Hansısa ATƏT-in Minsk Qrupuna, yaxud BMT-yə müraciət etmədən. Çünki yaxşı bilirdi ki, belə bir beynəlxalq vasitəçilik hiyləsi dərhal ortaya belə bir gerçəyi də çıxardacaqdı: aydın olacaqdı ki, sən demə, Rusiyanın öz daxilində çeçenlərlə hansısa torpaq mübahisəsi var! – bax, bu oyuna gəlməmək üçün ruslar öz suverenliyini və ərazi bütövlüyünü hərbi güc yolu ilə həll etdi.

Sual olunur, bəs indi, beynəlxalq səviyyədə tanınan sərhədlərimiz daxilində 30 ildir baş qaldırmış və bugün də davam edən separatizm kimi bir daxili-hərbi-siyasi məsələni Azərbaycan dövləti niyə müharibə yolu ilə həll edə bilməz? Niyə hər dəfə xatırladılır ki, münaqişənin hərbi yolla həlli yoxdur? Səbəb aydındır. Torpaqlarımızın daha bir hissəsini ölkəmizdən qoparıb ermənilərə vermək istəyirlər, həmsədrlərin dəfələrlə, tərəflər maksimalist siyasətdən əl çəksələr, bu problem həll olunar tezisi məhz bunun üçündür. Biz əvvəldən səhv edərək öz daxili işimizi ATƏT-in Minsk Qrupu vasitəsilə mübahisələndirib münaqişəyə beynəlxalq status qazandırmışıq, iki ölkə arasındakı torpaq mübahisəsinə çevirmişik. O səbəbdən, böyük dövlətlərə nə qədər də desək ki, kənara durun problemi öz aramızda çözəcəyik, mövcud geopolitik şərtlər və maraqlar onları bu məsələdə kənarda dayanıb müşahidəçi rolu almağa imkan vermir”.

“12-17 iyul tarixində  Tovuzdakı hərbi toqquşmalar zamanı biz dövlət olaraq kimin səmimi dost, kimin düşmən, kimin ikiüzlü dövlət olduğunu çox aydın şəkildə gördük. Türkiyə hər zamankından daha fərqli formada, daha sərt və açıq sözlü mövqe ortaya qoyaraq Azərbaycanı atacağı bütün addımlarda tam dəstəkləyəcəyini bəyan etdi. Diplomatik gediş-gəliş görünməmiş səviyyədə artdı. Ardınca genişmiqyaslı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri start götürdü. Azərbaycan xarici işlər nazirinin və müdafiə nazirinin Ankara səfəri, ardınca Türkiyə paşalarının Bakıya səfəri regionda proseslərin nə qədər sürətlə dəyişdiyinin göstəricisidir.

Bütün bunların fonunda yenə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi üzərinə rəsmi öhdəlik kimi sülhpərvər missiya götürmüş qonşumuz Rusiyanın son bir ay içində Ermənistana gizli şəkildə 400 ton silah-sursat göndərməsi faktı haqlı olaraq Prezident səviyyəsində qaldırıldı və Rusiya Federasiyası prezidenti Vladimir Putindən izahat tələb edildi. Bunu alqışlamaq lazımdır.

Məhz bu son hadisə artıq həm rəsmi Moskvanın, həm də ATƏT-in Minsk Qrupunun sülh təşəbbüslərinin səmimi olmadığını bir daha təsdiq etdi.

Daha kimsə bizi inandıra bilməz ki, işğalçı Ermənistanın əlini gücləndirən və dolayısı ilə işğala haqq qazandırmış olan Putin administrasiyasının və digərlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsilə bağlı bəyanatları səmimidir. Bu arada, qonşu Gürcüstan hökumətinin xüsusi iradə nümayiş etdirərək, məsuliyyətini dərk edib sözügedən silah daşıyan təyyarələrə öz hava məkanından istifadə etməyə imkan verməməsini xüsusi qeyd etməliyik.”, – deyə siyasi ekspert vurğulayıb.

Rusiyanın bu son hərəkətlərilə Azərbaycan cəmiyyətində xoşməramlı qonşuluq münasibətlərinə kölgə saldığı, cəmiyyətimizin ona qarşı onsuz da kövrək olan etibarını sarsıtdığını bildirən siyasi ekspert bütün bunların nəticəsi olaraq qeyd etdi ki, Azərbaycan dövləti, onun diplomatik korpusu, hərbi birlikləri Türkiyənin müvafiq sahələri ilə əməkdaşlığını daha da dərinləşdirərək, regionla bağlı siyasəti birgə müəyyənləşdirərək təxirə salınmadan torpaqlarımızın erməni separatistlərindən təmizlənməsi və beynəlxalq səviyyədə tanınan hüdudlarımızın bərpasını həll etməlidir: “Azərbaycanın ərazi bütövlüyü tez bir zamanda öz həllini tapmalıdır. Çoxdan arzulanan beynəlxalq əlverişli geopolitik şərtlər artıq mövcuddur və bu zaman kəsiyi fövtə verilməməlidir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*