Bulvarda hansı yeniliklər olacaq? – Dənizkənarı Bulvar İdarəsinin direktoru Rəfail Niftəliyevlə MÜSAHİBƏbackend

Bulvarda hansı yeniliklər olacaq? - Dənizkənarı Bulvar İdarəsinin direktoru ilə MÜSAHİBƏ

Konkret.az BAKU.WS-a istinadən Dənizkənarı Bulvar İdarəsinin direktoru Rəfail Niftəliyevlə müsahibəni oxuculara təqdim edir: 

Dənizkənarı Bulvar İdarəsinin fəaliyyət istiqamətləri hansı konsepsiya ilə tənzimlənir?

Dənizkənarı Bulvar İdarəsinin fəaliyyəti “Dənizkənarı Bulvar İdarəsinin nizamnaməsi” və “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə” ilə tənzimlənir.

Bulvar ərazisində müəssisə və obyekt (kafe, restoran, pərakədə satış) işlədən və ya işlətmək istəyən şəxslərin istəkləri hansı qaydalar əsasında icra olunur?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Dənizkənarı Bulvar İdarəsi ilə razılaşdırmaqla Bulvarın yeni konsepsiyasını hazırlayır.

Layihədə Dənizkənarı Milli Park ərazisində inşa edilən müəssisə və obyektlərin müasir standartlara cavab verməsi, estetik baxımından Bulvarın görünüşünə uyğunluğu və digər məqamlar əks olunur.

“Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin fəaliyyətlərinə necə nəzərət olunur?

Bulvar ərazisində müəssisə və obyekt işlədən və ya işlətmək istəyən şəxslərin istəkləri “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”yə uyğun tənzimlənir.

Dənizkənarı Milli Park ərazisində həm idarənin balansında olan, həm də ayri-ayrı fiziki şəxslərə məxsus əyləncə obyektləri var. Sahibkarlar Bulvar ərazisində “Dənizkənarı Bulvar İdarəsinin nizamnaməsi” və “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”də nəzərdə tutulmuş prinsiplərə uyğun fəaliyyət göstərə bilər.

Ümumilikdə bulvar ərazisində nə qədər əyləncə müəssisələri var?

Dənizkənarı Milli Park ərazisində 11 atraksion, 3 karnaval karuseli, 1 “Panoram attraksion”, 2 qatar, 2 gəzinti gəmisi, “Venesiya şəhərciyi”, 5 velopark, 1 Ağ Şəhər stadionu və açıq havada idman qurğuları var.

Əvvəlki illərə nəzər salanda bulvarda attraksionların sayı azalıb. Siz də belə düşünürsünüzmü? Və səbəb?

İstismar müddətin başa vurmuş, texniki təhlükəsizlik qaydalarına cavab verməyən, yerləşdiyi ərazinin ümumi planlaşdırmasına uyğun gəlməyən attraksion və qurğular mövcud norma və qaydaların tələbinə uyğun olaraq ərazidən çıxarılıb.

Yaxın vaxtlarda Bulvarda yeni attraksionlar quraşdırılacaq.

Məsələ hazırlıq mərhələsindədir. Yeni attraksionların gətirilməsilə bağlı iş aparılır. Yekun nəticə ilə bağlı məlumat veriləcək.

Attraksionların, uşaqlar üçün əyləncə vasitələrinin qiymətləri necə tənzimlənir?

Qiymətlər tənzimlənməsində hər bir attraksionun balans dəyəri, saxlanma xərcləri, ona çəkilən, xərclər, əmək haqqı, materiallar və digər məqamlar nəzərə alınır. Lakin Bakı Bulvarında qiymətlər qurğuların saxlanılmasına sərf olunan xərclərlə müqayisədə qat-qat aşağıdır. Üstəlik bizdə qiymətlər mövcud attraksionların istifadə edildiyi digər ölkələrlə müqayisədə də ucuzdur.


Dənizkənarı Bulvar İdarəsi əhalinin istirahəti üçün hansı layihələri həyata keçirib?

Ümummilli lider Heydər Əliyevin 1998-ci il dekabrın 29-da imzaladığı fərmanla dənizkənarı bulvara “Milli Park” statusu verilib. Dənizkənarı Milli Park ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasına daxil edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırığı ilə 2010-cu ildən etibarən bulvar ərazisində genişmiqyaslı yenidənqurma işləri aparılıb. Bulvarın ərazisi “Ağ şəhər” və Bibiheybət qəsəbəsi istiqamətində qədər genişləndirilib. Bu gün Dənizkənarı Milli Parkın uzunluğu təxminən 16 kilometrdir.

Bulvarda dövlət səviyyəsində abadlıq, quruculuq, genişləndirmə işləri davam edir. 2010-cu ildə Dənizkənarı Bulvarın ərazisində “Dövlət Bayrağı Meydanı”nın açılışı olub. Bundan əlavə, “Köhnə bulvar” ərazisində “Park Bulvar”, “Bakı Biznes Mərkəzi”, “Azərbaycan Xalça Muzeyi”, “Beynəlxalq Muğam Mərkəzi”, “Yeni Bulvar” ərazisində “Bakı Kristal zalı”, Bayıl bulvarı ərazisində “Yarat Müasir Incəsənət Mərkəzi”, “Daş salnamə muzeyi”, “Su İdmanı Sarayı” kimi yeni əhəmiyyətli memarlıq obyektləri inşa olunub.  Bakı Bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksi onlardan biridir. 2019-ci ildə Dənizkənarı Milli Parkda bir sıra yeniliklər həyata keçirilib.

Bulvarın ərazisində mövsümi çiçəklər və kollardan ibarət yeni kompozisiyalar yaradılıb. 60-cı illərin əfsanəsi sayılan “Mirvari” kafesində təmir-bərpa işlərinə start verilib. Yaxın zamanlarda kafe sakinlərin ixtiyarına veriləcək.


Bundan başqa Kukla Teatrının arxasında yerləşən meydanda böyük monitor quraşdırılıb. Yay mövsumundə Bulvar ərazisində pulsuz idman dərsləri, rəqs festivalı keçirilir. Yəni Dənizkənarı Milli Park ərazisində vətəndaşların, eləcə də paytaxtımıza gələn qonaqların istirahətinin səmərəli təşkili üçün hər cür şərait yaradılır.

Həyata keçirdiyimiz layihələrdən danışarkən “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgini xüsusi qeyd etmək olar.

Sərgidə nümayiş etdirilən 100-dən çox fotoşəklin əksəriyyəti ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur. Şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanaraq yüksək keyfiyyətlə bərpa edilən nadir fotoşəkillər Dənizkənarı sahilin və Bakı bulvarının 1861-ci ildən 1990-cı illərə qədər tarixi əhatə edir.

Sərgidə Bakı şəhərinin dənizdən çəkilmiş ilk fotoşəkilləri də (1860-cı illər) nümayiş olunur.

Tədbirin keçirilməsində əsas məqsəd Bakı bulvarının tarixi inkişaf mərhələlərinin əyani surətdə nümayişi və eyni zamanda vətəndaşların, o cümlədən xarici turistləri maarifləndirməkdir.

Yaxın gələcəkdə əhalinin istirahəti üçün başqa hansı şərait yaradıla bilər?

Dənizkənarı Bulvar İdarəsinin həyata keçirdiyi layihələr içərisində azadlığımızın, suverenliyimizin simvolu olan dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin aşılanması, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi mövzusunda tədbirlər mühüm yer tutur.

Bu münasibətlə Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü 28 May – Respublika Günü münasibətilə ölkədə ilk dəfə “Himnimizi birgə oxuyaq” adlı fləşmob təşkil etdi. Azneft Meydanı ərazisində sıravi vətəndaşların iştirakı ilə ölkəmizin dövlət himni canlı ifa olundu.

Ötən il 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Üçrəngli bayrağınla məsud yaşa”! devizi altında keçirilən aksiyada bulvara gələn insanlara müxtəlif ölçülü bayraqlar, üzərində üçrəngli bayraq əks olunan nişanlar hədiyyə olundu. Aksiyanı keçirməkdə məqsəd Azərbaycanın azadlığının, suverenliyinin simvolu, xalqın qürur mənbəyi olan dövlət bayrağının təbliğ olunması, xüsusən yetişməkdə olan gənc nəslə bayrağa sevgi və hörmət hissini aşılamaqdır.

Aksiya çərçivəsində bulvara gələn insanlara 5 mindən çox müxtəlif ölçülü bayraq və üzərində bayraq əksi olan nişanlar təqdim edildi. Bu cür layihələrimiz çoxdur və gələcəkdə də davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*