Bulvarda od tutub yanan qiymətləri kim tənzimləyir? – AÇIQLAMAbackend

Bulvarda od tutub yanan qiymətləri kim tənzimləyir? - AÇIQLAMA

İstirahət etmək, dincəlmək üçün məkan seçimində bəzən tərəddüdlər olur. Hara üz tutmağının, hansı məkanı seçməyinin önəmli rolu var. Əsasən qısa istirahət üçün şəhərdaxili parklar, bağlara üstünlük verilir. Amma hamımızın kütləvi üz tutduğumuz bir məkan var. Bu da Bakı bulvardır.

Gözəlliyindən zövq aldığımız bulvarda hər şey yerli-yerindədir. Dekorativ ağaclardan tutmuş nadir gül kollarıyla bəzədilən bulvarın gözəlliyi xüsusi zövq verir. Amma bu məmnunluğu bir anda məhv edən məqamla rastlaşandan sonra bulvarın yolunu birdəfəlik yaddan çıxarırsan.

Niyəsini öyrənmək üçün çayxanaların birinin qapısını döymək kifayətdir.

– Bir çaynik çay zəhmət olmasa-deyə cavan oğlanlardan birini səsləyirsən.

– Bizdə çay dəstgahla verilir.

– Nə dəstgah əşi, bizə çay gətir.

– Burada adi çay yoxdur. Çay dəstgahladı. Qiyməti də 30 manat.

Çayxana xidmətçisiylə qısa dialoqdan sonra masa arxasında yerini rahatlayan adam əvvəlcə xidmətçiyə, sonra çaya dəvət etdiyi qonağa, daha sonra isə cibinə baxır. Paytaxt sakinlərinin hər gün üzləşdiyi mənzərə sadəcə bundan ibarətdir. Dənizkənarı bulvar idarəsindən isə bildirdilər ki, iaşə obyektlərində qiymət işlərinə onların heç bir aidiyyatı yoxdur və qiymətlərin nə cür gəldi təqdim edilməsi sahibkarların öz işidir.

Yəni çayxana sahibi istəsə, bir çaynik çayı lap 50 manata da sata bilər. Bu, bazardır və tələb olan yerdə təklif də bu cürdür.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb:

“Qiymət siyasətini bulvar idarəsi yox, sahibkarlar özləri müəyyən edir. Bu konkret olaraq bazar iqtisadiyyatı şəraitində hər bir sahibkarın özünün müəyyənləşdirdiyi qiymətdir. Qiymət tələb-təklif əsasında formalaşır. Biz sadəcə tövsiyə veririk, onların işinə qarışa bilmərik”.

Son vaxtlar skuterlərdən istifadə dənizkənarı bulvarda vətəndaşların narazılığına səbəb olub. Bunu nəzərə alan Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyi yeni addımlar atıb:

“Skuterlərin bulvar ərazisindən yığışdırılması məsələsi vətəndaşların müraciəti əsasında həyata keçirilib. Ümumiyyətlə, skuterlərlə bağlı insanlar son zamanlar narazılıq edirdilər. Dənizkənarı Bulvar İdarəsi də məhdudiyyət tətbiq etdi və sonra ortaq bir yol axtarmağa başladıq. Buna skuter həvəskarlarının saysız-hesabsız müraciətləri də səbəb oldu. Onların da istirahətlərini arzuladıqları kimi təmin etməyə haqları çatır. İndi dənizkənarı zolaqda skuterlərin istifadəsi qadağan olunub. Qadağanedici nişanlar da artıq quraşdırılıb. Yalnız müəyyən edilmiş zolaqlarda skuterlərin istifadəsinə icazə verilir. Sürət həddi də müəyyənləşib. Skuterlər bulvar ərazisində saatda 17 km sürət həddini keçə bilməz. Tənzimlənmə məsələsi də sadədir. Bunun üçün skuterlərə xüsusi tətbiq yüklənir, orada sürət həddi ilə yanaşı marşurut da müəyyənləşir. Orada göstərilir ki, skuterlər harada istifadə edilə bilər.

Bu günlərdə bulvar ərazisində kaktus ağaclarının yandırılması hadisəsi baş verib. Hadisəni törədən şəxs az vaxt ərzində müəyyən edilərək saxlanılıb.

Bəs bulvarda mühafizə işi nə yerdədir?

“Bulvarda mühafizə kifayət qədər etibarlı qurulub. Kaktusların olduğu ərazidə də mühafizə nöqtəsi var. Mühafizəçilər insanların çox olduğu zamanda bulvar ərazisində gəzməli, nəzarət etməlidir. Mühafizəçilərimiz bunu həyata keçirir. Amma ərazinin böyük olması səbəbindən hər kəsə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil. Bu məsələdə vətəndaşın özünün də üzərinə böyük məsuliyyət düşür. Bulvar təkcə Dənizkənarı Bulvar idarəsinin deyil, hər kəsindir. Biz də birlikdə bu gözəlliyi qorumalıyıq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*