“Bunu etməsək, informasiya savaşında ermənilərə həmişə uduzacağıq” – Ermənişünas alimbackend

“Bunu etməsək, informasiya savaşında ermənilərə həmişə uduzacağıq” - Ermənişünas alim

Azərbaycanla Ermənistan arasında olan münaqişə illərdi davam edir.

Müasir dövrdə yalnız cəhbədə deyil, informasiya sahəsində də müharibə gedir.

Bu sahədə Azərbaycan kifayət qədər iş görsə də, yetərli deyil.

Ermənilər öz yalanlarını bütün dünyaya sırıdığı halda, biz öz doğrularımızı dünyaya çatdıra bilmirik.

Bəs görəsən bunun üçün hansı addımlar atılmalıdır?

KONKRET.AZ bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, ermənilər mətbuat sahəsində həmişə bizdən öndə olublar.

“Onların ilk qəzeti “Azdarar” 1794-cü ildə Hindistanda Mədrəs şəhərində çıxıb.

Bizim ilk qəzetimiz isə 80 il sonra çıxmağa başlayıb. Kitab nəşrində də irəlidə olublar.

Xarici ölkələrdə onların diaspor fəaliyyətləri ilə bizim diaspor işimizi yalnız son illərdə müqayisə edə bilərik, onların bu sayaq fəaliyyətləri ilə bizi onilliklər ayırır.

Onlar keçmiş SSRİ zamanında da, Osmanlı dövlətinin tərkibində yaşadıqları zamanlarda da mətbuata sənət kimi, peşə olaraq baxmayıblar, onu bir ideoloji hərəkat kimi görmüş və və ən strateji yerlərə adamlarını yerləşdiriblər.

SSRİ dağılandan sonra Ermənistanla ideoloji mübarizədə uduzduğumuzu etiraf etməliyik. Onlar daha çevikdir. Bu ənənə indi də davam etdirilir.

Rusiyada hansı kanalı açırsan, hansı proqrama baxırsan içindən bir erməni çıxır. Rusiyada siyasi tok-şoulara indi çox baxılır, ermənilər buraları artıq zəbt ediblər, bizim orada olma cəhdlərimiz isə bir nəticə vermir”.

Alimin sözlərinə görə, 1991-ci ildən sonra Azərbaycanda yaranan demokratik media əslində Ermənistanda olan mətbuatdan geri qalmırdı:

“Bizdə qəzetlərin tirajına baxsaq, Ermənistan mətbuatı üzərində əzici üstünlüyümüz var idi.

Amma internetin verdiyi imkanlardan onlar daha yaxşı yararlandılar və erməni saytları say baxımından da, xarici dillərdə yayım baxımından da geniş fəaliyyət imkanları əldə etdilər.

Bu, yenə də erməni diasporunun uzun illər ərzində topladığı təcrübədən qaynaqlanırdı.

Üstəlik ermənilərin Azərbaycan və Türkiyəyə qarşı apardıqları media fəaliyyətində bir sistem mövcud idi.

Müəyyən nəticə almaq üçün bu, media fəaliyyətində çox vacibdir”.

Qafar Çaxmaqlı qeyd edib ki, hər bir millətin dünya ictimaiyyətinə çatdırmaq istədiyi müəyyən bir fikir olur və onun hansı üsullarla çatdırılmasından çox şey asılıdır.

“Biz Ermənistanla və erməni toplumu ilə davamızda haqlı tərəf olduğumuzdan çatdırmaq istədiklərimizi bütün çılpaqlığı ilə təqdim edirik, düzü də budur.

Amma onların necə qəbul edilməsini hesablamırıq” – deyən alimin sözlərinə görə, erməni jurnalistlər isə nəyi harada, necə təqdim etmək barədə aylarla müzakirə edirlər:

“Erməni televiziyalarına baxanlar bilir ki, gedən verilişlərdə xaricə təqdim edəcəkləri “məhsulun” keyfiyyətli, yayarlı olmasını günlərcə müzakirə edirlər.

Hazırlanan sənədli lentlərin, bədii filmlərin effektivliyini, təsir imkanlarını düşünürlər.

Bu işi naşı əlinə vermirlər.

Baxın, son onilliklərdə qondarma “erməni soyqırımı” ilə bağlı nə qədər bədii film çəkiblər.

Ən son filmi “Kəsik” filmini isə bir türklə – Fatih Akın deyilən bir dəyyusa-məşhur rejissora çəkdirdilər”.

“Necə edə bilərik informasiya müharibəsində uduzmayaq?!”

Q.Çaxmaqlı bildirib ki, Azərbaycanda çox güclü mətbuat orqanları, çox yaxşı jurnalistlər var.

“Onların önünü açmaq, dünya səviyyəli peşə sahibinə çevrilməsi üçün şərait yaratmaq lazımdır.

Bunu təmin etmək üçün yenə o fikrə qayıdıram ki, bir sistem lazımdır.

Misal olaraq Türkiyəni götürə bilərik. Mən hətta bu qardaş ölkədə belə ermənilərə uduzduğumuzu görürəm.

Türk TV-lərinin müzakirə proqramlarında ermənilər var, nüfuzlu qəzetlərdə erməni millətindən olan köşə yazarları var və erməni davasını aparmaqdadırlar.

Niyə bizimkilər bu qədər təsiresici gücə malik deyillər?!

Bunun çox səbəbi var. Elə onların özü də mətbuatımızın gündəmində olmalıdır, çıxış yolu axtarılmalıdır ki, biz mətbuat siyasətimizi necə qura bilərik ki, ən azı ermənilərə uduzmayaq. Hələ mən o biri rəqiblərimizi demirəm”.

Ekspert bildirib ki, Azərbaycan bir çox xarici ölkələrdə media əlaqələrini qurmalıdır.

“Orta Asiya Türk ölkləri başda gəlməlidir.

Biz bu ölklərdəki potensialı dəyərləndirməliyik. Bu normal bir şeydirmi ki, məsələn, Qırğıstan, Türkmənistan və başqaları Qarabağın işğalına biganədirlər.

Türkmənistan prezidenti İrəvana gəlib burada türkmən abidələrini ziyarət etmək kimi erməni provakasiyasının əsirinə çevrilir.

Nazarbayev Matenadaran Əlyazıları instituna götürülür və orada Qıpçaq əlyazılarını ona göstərirlər və 3 milyon pul qopardırlar ki, onu tədqiq etsinlər.

Bu əlyazılarının tədqiqatına gərək belə yoxdur. Erməni əlifbası ilə yazılmış və bu əlifbanı oxuyan istənilən şəxs onun məzmununu dərhal çözə bilər”.

Müsahibimiz hesab edir ki, Azərbaycan TV-lərinin, dövlət agentliklərininin xarici ölkələrdə bürolarının olması çox vacibdir.

“Bunlar bəzi ölkələrdə yalnız müxbir postu deyil, həm də Azərbaycanın təmsilçisi rolunu oynamalıdırlar.

Buraya seçilənlər isə hazırlıqlı adamlar olmalıdır. Çalışdıqları ölkənin dilini mükəmməl bilməlidirlər, o ölkəni tanımalıdırlar. Dediyim odur ki, bu adamların işi təkcə xəbər yazmaq olmamalıdır.

Azərbaycanın davasını gündəmə daşıyan şəxslər olmalıdırlar. Əlbəttə, deyəcəksiniz ki, bunun üçün qaynaqlar olmalıdır.

Məncə sistemli çalışmalar bu imkanı ortaya çıxaracaq.

ABŞ-ın üç əyalətində müxbir saxlayan Ermənistan hardan tapırsa, biz də oradan tapmalıyıq. Dediklərimi və demədiklərimi etməsək, informasiya savaşında ermənilərə həmişə uduzacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*