Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bununla da Azərbaycan dünyaya günəş kimi doğdu. Bu gün Azəraycan sivilizasiyaya yeni Azərbaycan reallıqlarını diqtə etdi. Necə deyərlər dünyaya “Yol ver Azərbaycan bayrağına”, – dedik. Bu gün imzalar içində imzamız təkcə təsdiqlənmədi, həm də regionun güc mərkəzi kimi Azərbaycan dünya dövlətlərinə öz potensialını təqdim etdi. Eyni zamanda, bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin-Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti yazan isə Azərbaycan xalqı oldu.
44 gün ərzində 10 milyonluq Azərbaycan əhalisi 50 milyonluq dünya azərbaycanlıları və 85 milyonluq Tükiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi. ABŞ, Rusiya və Avropa dövlətlərini yeni dünya düzənində Azərbaycan reallıqları ilə barışmağa məcbur etdik. 30 il ərzində ABŞ, Fransa, Rusiya kimi nəhəng dövlətlər geosiyasi maraqları ucbatından torpaqlarımızı “atəşkəs” adı ilə Ermənistanın işğalı altında saxlanmasına son qoyduq. Qəribə də olsa, bu yerdə məşhur ifadə yadıma düşdü: “Şura hökümətini müsəlmanların Allahı yıxdı”.
Bəli, 10 milyonluq Azərbaycan dövləti göydə Allaha, yerdə Türkiyəyə arxalanaraq ədalətsiz güclərə “dur”-dedi. Bu güclər Liviyada, Suriyada, İraqda, Əfqanıstanda törətdikləri vandalizmi Azərbaycanda fiaskoya uğradı. Ona görə də bu gün əldə edilən Böyük Qələbə təkcə Azərbaycanın yox, bütövlükdə türk dünyasının Möhtəşəm Qələbəsidir. Və bu qələbə islamafobiya taununu yayan Avropa dövlətlərinin kabusuna çevriləcək.
Bu qələbə dünyaya haqdan, ədalətdən, insan haqqlarından dərs deyən ölkələrə çox təsirli bir dərs olacaq. Çünki zaman-zaman bu dövlətlər özlərini ədalətin müdafiəçisi kimi göstəriblər. Guya onlar olmasa, dünya qaranlıq zülmətə, savaş meydanına çevrilər.Guya bu dövlətlər olan yerdə yalnız ədalət zəfər çala bilər. Bu gün Azərbaycan xalqı bu dövlətlərə və sivilizasiyaya göstərdi ki, kiçik, lakin müdrik Azərbaycan xalqı və onun lideri dünyada yeni ədalət çələngi qurur. Bu dövlətlərin iştirakı olmadan da Azərbaycan dövləti tarixi ədaləti bərqərar edə bilir. Halbuki 30 il idi ki, ABŞ və Avropa deyirdi ki, Qarabağ probleminin yeganə həll yolu sülh danışıqları və kompromisdir.
Amma Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını mundarlardan təmizlədi, 3 rəngli Azərbaycan bayrağını azərbaycanlıların mənəvi pasportu, mənəvi paytaxtı olan Şuşada dalğalandırdı. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Hələ Şuşa qalasının alınması əməliyyatını demirəm. Mənəm-mənəm deyən ABŞ, Almaniya, Fransa, İngiltərə və daha hansı ölkələrinin komandoslarının mümkünsüz saydıqlarını şanlı Azərbaycan əsgəri 3 gündə Şuşada mümkün etdi. Və dünyaya göstərdi ki, nəzəri hesablamalarla müəyyən edilən ən güclü ordu siyahısında Azərbaycan ordusu 50-ci yerdə yox, birinci yerdədir.
10 noyabr zəfərinin cahanşümul əhəmiyyətlərini saymaqla qurtarmaq olmur. Bu zəfər ona görə böyük qələbədir ki, ermənilərin 200 il davam edən sərsəm “dənizdən-dənizə” xülyalarına Azərbaycan son qoydu. Bu gün təkcə Ermənistan yox, dünyada nə qədər erməni varsa, hamısı yasa batıb. Bu gün dünyanın aparıcı dövlətlərinin əlində maşa olan erməni diasporunun ən acınacaqlı günüdür. Çünki bu zavallılar nəhayətdə gördülər ki, 200 illik dava-dalaş boş və mənasız bir iş imiş. 200 ildə “Böyük Ermənistan” xülyası ilə böyük dövrlərin əlində oyuncaq olmaq və yüz milyardlarla vəsaiti xərcləmək mənasız bir iş imiş. Və yəqin ki, Azərbaycan xalqının 44 günlük zəfər yürüşü erməni ziyalılarını nəhayət ki, papaqlarını qarşılarına qoyub fikirləşməyə məcbur edəcək. Bu gün erməni hiyləgərliyinin və kəmfürsətliyinin son günü və iflasıdır. Son 44 gündə dünya dövlətləri nəhayət ki, ermənilərin həyasızlıqlarından bezərək Ermənistandan üz çevirdilər. Rusiya prezidentinin “Biz kimlər üçünsə öz milli maraqlarımızı təhlükəyə atmayacağıq” fikirləri əslində tək Rusiyanın yox, bütövlükdə aparıcı dövlətlərinin Ermənistana bir mesajı idi.
Erməmistanın “Sosial ədalət naminə” Partiyasının sədri Armen Qukasyan bu günlərdə təəssüflə deməsi ki, “Çoxsaylı erməni diasporları olmasaydı, bir çox gücün Qarabağdakı müharibəyə çətin ki, bir reaksiyası olardı. Böyük dövlətlər ya Qafqazdan çox uzaq olduqlarına görə, ya daha vacib saydıqları problemlərlə məşğul olduqlarına görə, ya da ki, Azərbaycanla münasibətləri korlamamağa görə bizim gözlədiyimiz dəstəyi verməyəcək”- fikirləri erməni cəmiyyətinə bir xəbərdarlıq idi.
Bu yerdə bir xatırlatma edim. 1998-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tarixi şərait yaranmışdı. Və Azərbaycan tərəfi beynəlxalq güclərin təzyiqi və yerli reallıqları nəzərə alaraq müəyyən güzəştlərə getmək fikrindəydi. Ancaq radikal erməni millətçiləri o zaman bu müqavilənin reallaşmasına imkan vermədilər. O vaxtkı prezident Levon-Ter Petrosyan yana-yana söylədi ki, “bu gün bizə təqdim edilənlər bizim üçün ən sərfəli variantlar idi. Biz bu şansı qaçırdıq və zaman gələcək bunun acısını yaşayacağıq”.
Bax, bu gün o gündür. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının birgə imzaladığı bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir söz belə keçmir. Bu da o deməkdir ki, Dağlıq Qarabağa nə mədəni, nə də başqa bir muxtariyyət və yaxud müstəsna idarəetmə statusu verilməyəcək. Qarabağda yaşamaq istəyən hər bir erməni Azərbaycanın digər bölgələrindəki vətəndaşlarla eyni hüquqa malik olacaqlar. Eyni zamanda, bütün rəhbər təyinatları Bakı tərəfindən həyata keçiriləcək. Vəssalam…
Ona görə də 10 noyabr qələbəsi Azərbaycan tarixinin ən şərəfli günü kimi yaddaşlara həkk olunacaq. Məhz bu gün 800 mindən artıq insan “köçkün” damğasından qurtuldu. Məhz bu gün 800 mindən artıq insanın 30 illik torpaq, doğma yurd-yuva həsrətinə son qoyuldu. Məhz bu gün Azərbaycanın ərazi bütövlüyü yenidən bərpa olundu.
Bu isə Xalq-İlham Əliyev birliyinin təntənəsi, Müzəffər Azərbaycan Ordusunun hünəridir. Ona görə də eşq olsun Azərbaycan xalqına! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycanın qəhrəman oğlu və əbədi Prezidenti İlham Heydər oğlu Əliyevə!!!
Bütün KONKRET.az ailəsi adından böyük fərəh hissi ilə
Surxay Atakişiyev