Müasir həyatımızı mətbuatsız təsəvvür etmək çətindir. Hər gün müraciət olunan sahəni anlamaq, duymaq, təqdim edilən materialları analiz etmək üçün medianın nəbzini tutmaq yetərlidir. Bunun üçün hər bir jurnalistdən peşəkar yanaşma tələb olunur. Jurnalist hazırladığı materalı oxucuya çatdırmazdan əvvəl onun həqiqiliyinə tam əmin olmalıdır. Bunun üçün müraciət edilən mənbə böyük önəm daşıyır. Dezinformasiyaların yayıldığı bir vaxtda xəbərin doğruluğu yoxlanılmalıdır.
Məsələ təkcə bununla bitmir. Hər bir yazı müəllifi qələmə aldığı materiala tənqidi yanaşanda ortaya qoyulan məhsulun keyfiyyəti də fərqli olur. İfadə olunan hər bir sözün mənası tam anlaşılmalı, fikir dügün çatdırılmalıdır. Fikirin düzgün ifadə forması çox önəmlidir. Hər hansı hadisənin yüksək peşəkarlıqla təqdim edilməsi və ona yanaşma tərzi jurnalistin peşə hazırlığından irəli gəlir. Təqdim olunan hər hansı məsələnin səthi təqdim olunması xəbərin yarımçıqlığı deməkdir. Yəni çatdırılan informasiyanın fərqinə varmadan, onun ictimai yükünü nəzərə almadan hazırlanması qüsurludur və oxucu dərhal aldığı informasiyanın qeyri-peşəkar təqdim olunmasını anlayır. Ona görə də media savadlılığı anlayışının əsasını təşkil edən ən önəmli faktorlardan biri də xəbəri anlamaqdır. Hər hansı təsadüfi mənbədə qarşılaşdığımız hadisə araşdırılmalı və bundan sonra oxucuya çatdırılmalıdır. Bunun üçün hər bir yazıya tənqidi yanaşma prinsipiylə yanaşılmalıdır.
Jurnalistikanın prinsiplərini dərk etmək, ona lazımi qaydada əməl etmək də yüksək peşəkarlıq tələb edir. Bunun üçün müasir media məkanında baş verən bütün hadisələr izlənilməli, hərtərəfli təhlili aparılmalıdır. İnformasiya bolluğunda nəyin düz, nəyin yalan olması dərhal araşdırmalı və birinci mənbədən əldə edilən informasiyaya etibar olunmalıdır. Əksər hallarda sosial medianın qatıb-qarışdırdığı informasiyaların düzgünlüyü şübhə doğurur. Bu məqamda yenə jurnalistin köməkçisi onun peşə hazırlığıdır. Diqqətli olmalı və dezinformasiyaların cəmiyyətə ötürülməsinin qarşısı alınmalıdır. Bu amil təkcə xəbəri istehsal edən media nümayəndələrinə şamil edilməməlidir.
Eyni zamanda informasiyanı qəbul edən vətəndaş da nəyin düz, nəyin feyk xəbər olduğunu anlamalıdır. İnformasiya müharibəsinin tüğyan etdiyi bir zamanda düşmən tərəfin dövriyyəyə buraxdığı dezinformasiyalar da oxucunun diqqətindən yayınmamalıdır. Amma peşəkar Azərbaycan mediası düşmənin qəsdən yaydığı yalan informasiyaları təhlil edir və qarşı tərəfin hiyləgər siyasəti ifşa olunur. Hər gün rastımıza çıxan bu cür informasiyaları anlamaq da peşə hazırlığıyla bağlıdır. Deməli, cəmiyyətə düzgün və maarifləndirici informasiyalar vaxtında və səmərəli şəkildə çatdırılmalıdır. Bu həm də dövlətin informasiya siyasətinin bir hissəsidir. Bəzən ictimai rəyi çaşdırmağa yönələn informasiyaların bir-birinin ardınca mətbuata sızmasına cəhd edilir. Həmin xəbərlərin mənbəyi isə təbii ki, sosial mediadır. Burada da köməyə çatan media savadlılığı olmalıdır. Reallığı əks etdirməyən məlumatların tüğyan etdiyi vaxtlarda ön planda sosial media dayanır. Böyük bir kütlənin tribunasına çevrilən sosial media bəzən cəmiyyət üçün təhlükəli məsələlərin müzakirəsini aparır. Artıq günümüzün reallığı kimi qəbul etdiyimiz bu məsələdə də media savadlılığı önəmli rol oynayır. İnformasiya savadlılığı informasiya resurslarından səmərəli istifadə ilə bağlı praktiki bacarıqları əhatə edir və bir çox hallarda media və informasiya savadlılığı anlayışları birgə istifadə olunur.
Vəli Həsənoğlu,
KONKRET.az