Medianın ictimai həyatdakı rolu müəyyən çəkiyə malikdir və cəmiyyətin maariflənməsində xüsusi rolu var. Kütləvi informasiya vasitələrində istehlak olunan xəbərlər, məlumatlar cəmiyyətin müxtəlif təbəqələri üçün nəzərdə tutulur və bu işdə jurnalistikanın janrlarından istifadə olunur. Xəbərlərin cəmiyyətə peşəkar səviyyədə çatdırılması, istinad edilən mənbələr, istifadə olunan xəbər materalının doğruluğu, medianın prinsiplərinə əməl edilməsi jurnalistikanın əsas prioritetlərindən hesab olunur.
Son illər isə mediada yeni canlanma müşahidə olunur. Bu canlanma informasiya agentliklərinin, xəbər portallarının, radio və televiziyaların çoxluğuyla bağlı deyil. İndi həyatımızın bir hissəsinə çevrilən sosial medianın yaratdığı yeni ənənələr bəzi reallıqları diqtə edir. Məsələ informasiyanın hansı forma və üslubda çatdırılmasından çox asılıdır. Bəzən informasiyanın dəqiqliyinə fikir verilmədən sosial şəbəkələrdə tirajlanır. Yaxud da istinad edilməyən, təhlili aparılmayan xəbər asanlıqla KİV-ə daxil olur. Müasir xəbər texnologiyasının yaratdığı reallıq bütün parametrlərdə günümüzlə ayaqlaşmır və qüsurlu tərəfləri var. Sosial medianın probleminə çevrilən mənfi tendensiya artan xətlə inkişaf edir və hər gün yeni formada qarşımıza çıxır. Bəzən peşəkar yanaşma olmadan “təhlil edilən” hər hansı məsələ cəmiyyətdə qıcıq yaradır. Məişət söhbətlərinin ictimailəşdirilməsi, milli-irqi məsələlərin gündəmə gətirilməsi və dövlətin informasiya siyasətinə zidd olan digər məlumatların müzakirəsi, sosial-siyasi müstəvidə baş verən məsələlərin sosial mediada konteksdən çıxarılaraq fərqli formada təqdim edilməsi jurnalistikanın prinsiplərinə ziddir. Yeni yaranan media platformalarında baş verən neqativlər yalnız təəssüf doğurur.
Normal təhsili olmayan, yazdıqları statuslarda Azərbaycan dilinin bütün qaydalarını pozan, elementar durğu işaralərinin funksiyalarından xəbərsiz sosial media “jurnalistləri”, bəzən hansı mövzunun müzakirəyə çıxarılmasının fərqində də olmurlar. Məsələ təkcə bununla bitmir. Məhz həmin “media işçiləri”nin paylaşdığı informasiyaların əksəriyyəti elektron informasiya vasitələrinə və qəzet səhifələrinə çıxarılır. Heç bir rəsmi mənbəyə söykənməyən bu cür dezinformasiyalar ciddi şəkildə ictimai rəyə təsir edir. “Facebook”, “İnstagram”, “TikTok, “YouTube” üzərindən paylaşılan, cəmiyyətin ruhunu zədələyən zərərli məlumatlar hələ də dövriyyədədir və gənc nəslin sağlam düşüncəsinə mənfi təsir edir. Etik qaydaları pozan, milli-mənəvi dəyərlərimizlə uzlaşmayan sosial media platformaları artıq bütün əndazələri aşaraq ən iyrənc metodlardan istifadə edir. Dilimizə gətirməyi özümüzə rəva bilmədiyimiz küçə söhbətləri, söyüşlər, iyrənc ifadələr, küçə adamlarının davranış kodekslərini təbliğ edən sosial medianın izləyici sayı bəzən milyonu ötür. Milyonlarla insanın beynini zəhərləyən sosial medianın yaratdığı reallıq təkcə bununla bitmir.
Ehtiyac duyduğu informasiyanı vaxtında ala bilməyən insan dərhal alternativ mənbə axtarır və qaşısına çıxan dezinformasiyanı dəqiq və düzgün hesab edir. Daha sonra bir qədər əvvəl sosial mediada tanış olduğu və konteksdən çıxarılan informasiyanın reallığa söykənən, xüsusi mənbələrə istinadən yayılan variantıyla tanış olanda isə oxucuda fikir ayrılığı yaranır. İki variantda tanış olduğu informasiyaya “bunların hansı düzdür?” prinsipiylə yanaşan oxucu səs-küylə təqdim edilən dezinformasiyanı daha doğru və düzgün hesab edir. Sosial mediada paylaşılan bü cür informasiyalar daha çox ictimai rəyi çaşdırmağa hesablanıb və əksər hallarda dezinformasiya yayanlar məqsədlərinə nail olurlar. Sosial medianın jurnalistkanın prinsipləri ilə üst-üstə düşməməsini anlayan oxucu qarşılaşdığı məlumatların doğru olub-olmadığını dərhal anlayır və ona ötürülən “informasiya”nı ciddiyə almır. Amma bunu bütün oxuculara şamil etmək olmaz. Ona görə də bu sahə ciddi nəzarətə götürülməli və cəmiyyətə ötürülən dezinformasiyaların qarşısı alınmalıdır.
Vəli Həsənoğlu,
KONKRET.az