“Tamstore” marketlər şəbəkəsində satılan “Atena” kərə yağları ilə bağlı görüntülər sosial şəbəkələrdə etirazla qarşılanıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, jurnasit Gülnar Nazimqızının paylaşdığı görüntülərdə endirimli qiymətlə satışa çıxarılmış “Atena” kərə yağlarının kifləndiyi açıq-aşkar görünür.
Videoda bildirilir ki, mağaza rəhbərliyi endirim qiyməti ilə 15 manat 94 qəpiyə satılan “Atena” kərə yağlarının “Avrora Qrup” tərəfindən təqdim olunduğunu deyib. Rəfdəki yağların hər birini ayrı-ayrılıqda açdıqda kifləndiyi aydın görünür. Məhsulun üzərində istehsal tarixi 30 may 2025-ci il qeyd olunub. Saxlama temperaturu müsbət 2-4 dərəcə olduqda 4 ay, -18 dərəcə olduqda isə 12 ay kimi göstərilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov məsələdən xəbərdar olduqlarını bildirib.
Xatrılatma: Eyni vəziyyət bir müddət öncə yenə də “Tamstore”da satılan “Vestqold” kərə yağları ilə bağlı da yaşanıb. “Tamstore” mağazalar şəbəkəsi “Avrora Qrup” MMC-yə daxildir. Şirkətin rəhbəri Ceyhun Abbasovdur.