Son zamanlar havaların qeyri-sabit keçməsi payız abu-havası yaratsa da, necə deyərlər, həqiqəti dəyişmək olmaz. Artıq yay fəsli qapımızı döymək üzrədir. Bu isə o deməkdir ki, bir neçə gündən sonra çimərlik mövsümü başlayacaq. Qızmar günəşin yandırıcı təsirindən qorunmaq, eləcə də istirahət etmək istəyən insanlar çimərliklərə üz tutacaqlar. Elə alimlər də yaxın illərdə dəhşətli istilərin düşəcəyini proqnozlaşdırırlar. Bir sözlə, çimərlik mövsümünün başlaması fonunda Bakı və ətraf şəhərlərdəki çimərliklərin vəziyyəti, suyun təmizlik dərəcəsi və təhlükəsizliklə bağlı məsələlər bir çoxlarımızı düşündürür. Odur ki, ölkə çimərliklərinin mövsümə hazır olub-olmadığını, sadalanan məsələlərlə bağlı hansısa işlərin görülüb-görülmədiyini araşdırmaq qərarına gəldik.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili bildirib ki, təmsil etdiyi qurum tərəfindən çimərlik mövsümü ilə əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülür:
“Bu ilin aprel ayından etibarən Abşeron yarımadasındakı mövcud sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Hazırda bu monitorinqlər ölkənin digər rayon və şəhərlərinin sahilboyu ərazilərində təşkil olunur. Monitorinqlərin nəticəsi kimi icra hakimiyyətlərində aidiyyatı qurumların iştirakı ilə işçi müşavirələr keçirilir. Monitorinq zamanı aşkar olunan çatışmazlıqların həlli üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilir”.
Aqşin Əlili əlavə edib ki, Xidmətin nəzarət etdiyi, o cümlədən “İDEA” ictimai birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılan 6 çimərlikdə dalğıclar vasitəsi ilə sualtı müayinələr aparılır və sahil zolağında mövcud olan yad cisimlər, daş-qaya parçaları təmizlənir:
“Müayinə zamanı hər hansısa təhlükə olarsa, bu kimi ərazilərə xüsusi nişanlar qoyulur. Xidmətin balansında olan xüsusi texnika və vasitələr, o cümlədən dalğıc axtarış əməliyyatlarında istifadə ediləcək avadanlıqlar işlək vəziyyətə gətirilir. İyun ayının 10-dan isə xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyənləşdirən nişanların və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xüsusi lövhələrin yerləşdirilməsinə başlanılacaq. Cari ilin iyun ayının 15-dən xidmət gücləndilmiş iş rejimində fəaliyyət göstərəcək”.
Qeyd edək ki, dəniz suyunun monitorinqini aparmalı olan və bu işə birbaşa cavabdehlik daşıyan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyi nədənsə sorğumuzu cavablandırmaqdan yayındı. Görünən odur ki, adıçəkilən qurum bu istiqamətdə heç bir iş aparmayıb və danışmağa sözü yoxdur. Necə deyərlər, “aşığın sözü bitəndə dalay-dalay” etdiyi kimi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ziyəddin Kazımov adlı sözçüsü də “nala-mıxa vurmaqla” sualımızdan qaçdı. Ümid edirik ki, çimərlik mövsümü açıq elan olunanda insanların səmərəli istirahəti üçün heç bir problem qalmayacaq. Xarici kurortlarda dincəlmək imkanı olmayan sadə vətəndaşlar öz həvəslərini dəniz suyuna girmək və günəşlənməklə öldürə biləcəklər.
Müşviq Tofiqoğlu,
Sevinc Paşayeva,
KONKRET.az